Accessibility links

Rusiya xarici işlər naziri: Bu ay Rusiyadan Azərbaycana daha böyük vaksin partiyası gətiriləcək


"Bu günlərdə Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib. Bu ay daha böyük partiyalar gözlənilir".

Bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

“Bizim müvafiq idarələrimiz Azərbaycanda texnoloji bazanın mövcud olmasını nəzərə alaraq bu vaksinin burada istehsalının nizamlanması barədə konkret söhbət aparırlar”, deyə nazir bildirib.

"Sputnik V" vaksininin birinci partiyası mayın 2-də gətirilmişdi. İlk partiyada 40 min doza vaksin yer alıb.

Mayın 10-dan Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılır.

Bu barədə məlumatı səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev bildirib.

Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya isə yanvarın 18-dən başlanıb. Bundan öncə yaşı 40-dan yuxarı olanlara koronavirusa qarşı peyvənd vurulurdu.

Azərbaycanın Çinin "Sinovac" şirkətinə bundan ötrü 9 milyon doza vaksin sifariş etdiyi açıqlanıb (4.5 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var).

Həmçinin, Azərbaycana az miqdarda "Vaxzevria" vaksini də gətirilib və onların da tətbiqinə başlanılır.

Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının sayı 1 milyon 687 min 397-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 5 min 678, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 681 min 719 nəfərə çatıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG