Accessibility links

Rusiya Azərbaycan Təşkilatları İttifaqı prezident Əliyevə sadiq insanlardır


Moskva şəhəri
Moskva şəhəri

Təşkilatın bəyanatında belə deyilir. Yerli media isə qurumun Rusiya hakimiyyəti tərəfindən yaradıldığını iddia edir

Yeni təsis edilmiş Rusiya Azərbaycan Təşkilatları İttifaqı açıqlama yayıb.

“Modern.az” saytına verilən açıqlamada bildirilir ki, Rusiya Azərbaycan Təşkilatları İttifaqı siyasətlə məşğul olmayacaq və özünü Ümumrusiya Azərbaycanlıları Konqresinə alternativ təşkilat hesab etmir.

“Qurum Rusiyada yaşayan azərbaycanlıların sosial, humanitar məsələlərinin həlli üçün koordinasiya işlərini həyata keçirəcək. Rusiya Azərbaycan Təşkilatları İttifaqı üzvləri Azərbaycan prezidenti İlham Əliyevə sadiq insanlardır və bu xətt heç vaxt dəyişməyəcək”.

Rusiya Azərbaycan Təşkilatları İttifaqını baş nazirin keçmiş birinci müavini Abbas Abbasov, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri Söyün Sadıxov, Natiq Ağamirov, Asif Məhərrəmov, yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov, iş adamları İsgəndər Xəlilov, Araz Ağalarov, Vahid Ələkbərov və başqaları yaradıb.

Mətbuatda bu qurumun Azərbaycan hakimiyyətinə müxalif mövqedə dayanacağı iddia olunub. Rusiyada yaşayan azərbaycanlıları birləşdirən Ümumrusiya Azərbaycanlıları Konqresi ittifaqın yaradılmasını pisləyib. Diasporla İş üzrə Dövlət Komitəsi isə belə bir təşkilata ehtiyac olmadığını bəyan edib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə “Media forum” saytına deyib ki,
yeni yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqı haqda yazılanlar mətbuatın mülahizələridir.

“Gözləyək görək bu adamların özləri nə deyirlər. Biz bundan sonra məsələyə münasibət bildirəcəyik”.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasını pisləyən bəyanatına gəlincə, Əli Həsənov bildirib ki, dövlət komitəsi Rusiyada, o cümlədən digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun parçalanmasını istəmir.

“Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanın diaspor təşkilatlarının parçalanmasını, diaspor nümayəndələrinin ayrı-ayrı düşərgələrə çəkilməsini istəmir, diasporun vahid siyasətlə, bir mərkəzdən idarə olunmasını istəyir və bunun üçün çalışır. Diasporla İş üzrə Dövlət Komitəsi Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasını bu baxımdan qiymətləndirib və belə bir bəyanat verib”, o qeyd edib.
XS
SM
MD
LG