Rusiyanın şərqindəki permafrostda (donmuş torpaq) qorunub saxlanılan 18 min illik küçük ilk dəfə mediaya təqdim edilib.
Yakutiyada yerli sakin tərəfindən 2018-ci ilin yayında tapılan küçüyün ərazidə kəşf edilən ən qədim küçük olduğu güman edilir.
Küçüyün xəz, diş və hətta bığları olduqca yaxşı qorunub saxlanılıb.
İsveçli alimlər radiokarbon araşdırması ilə itin təxminən 18 min il əvvəl donduğunu təsdiqləyib.
Alimlər nümunənin canavar, it və ya tarixə bəlli olmayan hər hansısa heyvanın əcdadı olub-olmadığını aşkar etmək ümidi ilə genom ardıcıllığı testinin üçüncü raundunu keçirməyə hazırlaşır.
Son illərdə Rusiyanın Uzaq Şərqi qədim heyvanların qalıqlarını araşdıran elm adamları üçün qızıl mədəninə çevrilib.
İqlim dəyişikliyindən təsirlənən permafrost əriməyə başladıqda mamontların, köpəkkimilərin və digər tarixdən əvvəlki heyvanların qalıqları aşkarlanır.
Yakutskda aşkar olunmuş küçük üzərində tədqiqat aparan Şimal-Şərqi Federasiya Universitetinin alimi Serqey Fyodorov kəşflərin artmasını Çin bazarında mamontların dişlərinin baha olması ilə əlaqələndirib.