Müstəqil monitorinq qrupu Golos bildirir ki, hökumətin tətbiq etdiyi qanuni məhdudiyyətlər səbəbindən Rusiyadakı seçicilərin 8 faizi - yəni ən azı 9 milyon insan sentyabr ayında keçiriləcək parlament seçkilərində iştirak etmək hüququnu itirib.
Qrup bildirir ki, təsiri hətta Sovet illərində - 1961-1991-ci illərdən daha sərt olan bu qanuni dəyişiklik nəticəsində passiv seçki hüququndan məhrum edilmiş vətəndaşların dəqiq sayını hesablamaq mümkün deyil.
Bununla birlikdə 22 iyunda yayımlanan hesabat dövlət qurumlarından əldə edilən məlumatlar üzərində aparılan araşdırmalardan sonra bu sayın ən azı 9 milyon və "çox güman ki, daha çox" olduğunu ortaya çıxarıb.
“Qanundakı yeni "antiekstremist" düzəlişinin qüvvəyə minməsi, Aleksey Navalnı tərəfdarlarının, qurumlarının ekstremist təşkilatlar kimi tanınması yaxın gələcəkdə yüz minlərlə siyasi aktiv vətəndaşın hücuma məruz qalması deməkdir” - deyə, hesabatda bildirilir.
Prezident Vladimir Putinin iyunun 4-də imzaladığı qanuna əsasən hakimiyyətin “ekstremist” hesab etdiyi qurumların tərəfdarları və üzvlərinin dövlət vəzifəsinə seçilməsini qadağan edir.
Bundan beş gün sonra isə Putinin tənqidçisi Aleksey Navalnının siyasi şəbəkəsi Moskva məhkəməsi tərəfindən “ekstremist” adlandırılıb.
Çoxları xəbərdarlıq edirdi ki, qanunun məqsədi Navalnı ilə əlaqəli istənilən şəxsin dövlət qulluğuna keçməsini imkansız etməkdir.
Golos bildirir ki, 2021-ci ildə qüvvədə olan seçki qanunvericiliyi “erkən sovet modellərinə qayıdış” deməkdir, hansı ki, o zaman bolşeviklər hakimiyyətini möhkəmləndirmək üçün siyasi opponentləri əzirdi.
Hesabatda deyilir ki, "Sovet dövründə olduğu kimi vətəndaşların seçilmə hüquqlarına son hücum dalğası açıq şəkildə siyasi motivlidir, müxalifətin "tamamilə məğlub olması halında" əvvəlki dövrlərdə olduğu kimi bu yeni qaydaların da qaldırılması mümkündür.
Hesabatda, həmçinin bildirilir ki, sorğular sentyabr seçkisindən əvvəl Putinin Vahid Rusiya partiyasına dəstəyin ən aşağı həddə olduğunu göstərir.
Navalnının regional qərargahları Smart Səsvermə strategiyasının həyata keçirilməsində böyük rol oynayıb. Bu strategiya seçkilərdə Vahid Rusiyanı məğlub edə biləcək namizədlərin təbliğatına fokuslanır.
Golos-un məlumatına görə, sözügedən şəxslərin təxminən 6 milyon nəfəri ikili vətəndaşlığı və xaricdə yaşamaq icazəsi olanlardır. 1,1 milyon nəfər oğurluğa görə, 300 mindən çox insan isə narkotiklərlə bağlı ittihamlarla məhkum edilənlərdir. Bu şəxslər seçilmək hüququndan məhrum edilib.
Qrup, həmçinin bildirir ki, qarşıdakı aylarda təxminən 100-ə yaxın siyasətçi də seçki hüququnu itirə bilər.