Accessibility links

Rusiyada ilk rəsmi gey-parada icazə geri götürülüb


Rusiyada yerli hakimiyyət ölkədə ilk rəsmi gey-parada icazəni geri götürüb. Tədbir avqustun 26-da Novoulyanovsk şəhərinin kənarındakı cəmi yeddi sakini olan kənddə keçiriləcəkdi.

Novoulyanovskun şəhər meneceri Gennadi Denikayev deyib ki, şəhər merinin parada verdiyi razılıq etibarsız sayılır, çünki bu qərar onunla, yaxud şəhər şurası ilə məsləhətləşmə aparılmadan verilib.

“Qərar verdim, gey-parad olmayacaq. Ənənəvi ailə dəyərlərini, ən əsası, övladlarımızı qeyri-ənənəvi seksual münasibətlərdən qorumaq istəyirik”, – Denikayev deyib.

PARADA 300 NƏFƏR QATILA BİLƏRDİ

Ulyanovsk regionunun Yablonevy yaşayış məntəqəsində gey-parad olacağı haqda mediada məlumatın yayılmasının səbəbi var. Rusiyanın aparıcı gey hüquqları fəallarından olan Nikolay Alekseyev yazıb ki, Novoulyanovskun meri Svetlana Kosarinova tədbirə rəsmi icazə verib.

Alekseyev Kosarinovanı “Rusiyanın ən cəsarətli adamı” adlandıraraq ona təşəkkür edib və parada 300 nəfərin qatılacağını bildirib.

Bu, Rusiya tarixində ən yaxşı hadisədir! Çox sağ olun”, Alekseyev yazıb.

O, Kosarinovanın rəsmi məktubunun surətini də dərc edib. Məktubda mer gey-paradın şəhər mərkəzində deyil, Yablonevy kəndində keçirilməsini təklif edir.

“Əhalinin bu cür tədbirlərə mənfi münasibətini nəzərə alaraq, qarşıdurmanı və Rusiya qanunvericiliyinin mümkün pozulmasını önləyərək sizə tədbirin yerini dəyişməyi, onu Yablonevydə keçirməyi təklif edirik”, məktubda deyilir.

Kosarinova məktubunda Rusiyada 2013-cü ildə qəbul olunmuş, “qeyri-ənənəvi seksual əlaqələrin azyaşlılar arasında təbliği”ni yasaqlayan qanuna istinad edir. Həmin qanun beynəlxalq miqyasda tənqid olunmuşdu.

Rusiya hakimiyyəti gey-paradlara imtina cavabı verərkən bu qanuna istinad edir.

XS
SM
MD
LG