Accessibility links

Rusiyada son 24 saatda koronavirusa 10 min yeni yoluxma halı qeydə alınıb


Rusiya rəsmiləri şənbə günü son 24 saat ərzində 10 mindən çox insanın COVID-19-a yoluxduğunu bildirib. Bununla ölkədə qeydə alınan ümumi yoluxma halları 200 mini keçdi. Rəsmilərin deyinə görə, son 24 saat ərzində ölənlərin sayı 104 olub.

İtaliya da cümə günü ABŞ və Britaniyadan sonra koronavirus səbəbilə 30 mindən çox insanın öldüyü üçüncü ölkə oldu.

İsveç digər Avropa ölkələrindən fərqli olaraq COVID-19 pandemiyasına daha yüngül yanaşma tətbiq edib.

Digər ölkələrdə bağlanma tədbirləri görülsə və vətəndaşlar evlərində qalsalar da, İsveçin vətəndaşları restoranlara getməyə və birlikdə vaxt keçirməyə davam edirdi. Hökümət onları sosial məsafəni qorumağa çağırırdı.

Lakin bu həftə ölkədə ölüm halları 3000-ə çatdığı üçün İsveçin baş epidemioloqu Anders Teqnel bunu “dəhşətli dərəcədə böyük göstərici” adlandırıb və Skandinaviya ölkəsinin gördüyü tədbirlərin uyğun olduğuna “inanmadığını” deyib.

İsveçin ictimai sağlamlıq idarəsinin ən son məlumatları ölkədə koronavirusa yoluxma hallarının immiqrant əhali arasında daha yüksək olduğunu göstərir. İdarənin məlumatına görə, somalili isveçlilər əhalinin bir faizdən azını təşkil etsələr də, COVID-19-a yoluxanların 5 faizi somalili isveçlilərdir.

İctiami sağlamlıq rəsmiləri ölkədəki immiqrantların özlərini qorumaları və xəstəliyin yayılmasının qarşısını almaq üçün lazım olan məlumata çıxışlarının olduğunu təmin etməyə çalışdıqlarını söyləyib.

Müəllim və ictimai fəal Rəşid Musa Associated Press-ə “Kaş ki, məsələ bir neçə kağızı tərcümə etmək qədər asan olsa. Biz irqçilik, gəlir, sosial status kimi daha fundamental məsələlərə nəzər yetirməliyik”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bildirdiyinə görə, xəstəliyin yayılmasının qarşısı alınmasa Afrikada 44 milyona yaxın insan koronavirusa yoluxa, 190 min insan ölə bilər.

ÜST-nın yeni hesabatında Afrika qitəsindəki 47 ölkəyə nəzər salınıb. Hesabatda deyilir ki, pandemiyanın ilk ilində Afrikada xəstəliyin yayılma sürəti dünyanın digər hissələrindən daha yavaş olsa da, daha uzun müddətdə COVID-19 orada daha çox təsir göstərəcək.

XS
SM
MD
LG