Rusiyada son 24 saat ərzində koronavirusa rekord sayda yoluxma qeydə alınıb. Belə ki, testlər nəticəsində daha 7933 nəfərin virusa yoluxduğu müəyyən edilib. Bu isə ölkə üzrə ümumi yoluxanların sayının 114 431-ə çatmasına səbəb olub.
Bundan bir gün əvvəl isə bir gündə aşkarlanan yoluxanların sayı 7099 idi.
Mayın 1-nə olan məlumata görə, Rusiyada bir gündə ölənlərin sayı isə 96 nəfər olub. Ümumi olaraq həyatını itirənlərin sayı 1169 nəfərdir.
Lakin ölümlərdə əsas kritik məqam odur ki, Rusiyada son vaxtlar pnevmaniyadan ölənlərin sayında kəskin artım var. Koronavirus əsasən pnevmaniyaya səbəb olur. Bu isə Rusiyada COVID-19-dan ölənlərin real sayının çox olması deməkdir.
Bu arada Rusiya hökümətinin yuxarı eşalonunda yer alan baş nazir Mixail Mişustin prezident Vladimir Putinlə video zəng zamanı koronavirusa yoluxduğunu bildirib. Bu səbəbdən də özünü təcrid edəcəyini deyib. 54 yaşlı Mişustin yanvar ayından baş nazir vəzifəsini həyata keçirir. Mişustinin sözçüsü Boris Belyakov aprelin 30-da bildirib ki, baş nazir adı açıqlanmayan tibbi müəssisədə müşahidə altında saxlanılacaq.
Kremlindən gələn məlumatda deyilir ki, Vladimir Putin "hökumətin fasiləsiz fəaliyyətini təmin etmək üçün" baş nazirin birinci müavini Andrey Belousovun baş nazir vəzifəsini icra etməsinə sərəncam verib.