Accessibility links

Rusiyada yüzlərlə qadın siyasi məhbuslara dəstək aksiyası keçirir


Moskvada və Sankt-Peterburqda yüzlərlə qadın Sevgililər Günündə siyasi səbəblərə görə təqib olunan Rusiya qadınlarına dəstək nümayişlərində iştirak edib.

“Həmrəylik və sevgi zənciri” adlanan etiraz aksiyası həmçinin həbsdə olan müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayaya dəstək məqsədi daşıyır. O, fevralın 10-da Almaniyaya yola düşüb. Onun gedişi ilə bağlı heç bir açıqlama verilməsə də, Navalnaya bu yaxınlarda ərinə dəstək məqsədilə keçirilən icazəsiz mitinqlərdə iştirak etdiyinə görə saxlanmışdı.

Fevralın 14-də sosial mediada qırmızı qızıl güllər, şarlar və üzərində qadın siyasi məhbusların adları yazılmış ürək işarələri saxlayan qadınların görüntüləri paylaşılıb. Nümayişçilər “Sevgi qorxudan daha güclüdür” şüarı səsləndiriblər.

Təşkilatçıların Facebook səhifəsində aksiyaların “dinc etiraz aksiyaları zamanı polis tərəfindən döyülən və işgəncəyə məruz qalan” qadınlara və “bu günü məhkəmələr, polis avtobusları və xüsusi saxlanma məntəqlərində keçirən hər bir kəsə" həsr olunduğu deyilir.

Rusiya müxalifət lideri Aleksey Navalnı və həyat yoldaşı Yuliya Navalnayanın yanvarın 17-də Berlindən Moskvaya uçarkən təyyarədə çəkilmiş foto şəkli
Rusiya müxalifət lideri Aleksey Navalnı və həyat yoldaşı Yuliya Navalnayanın yanvarın 17-də Berlindən Moskvaya uçarkən təyyarədə çəkilmiş foto şəkli

Onların bildirdiyinə görə, Moskvada Köhnə Arbat boyu bu “zəncir” Navalnaya, eləcə də vəkil Lyubov Sobol, Pussy Riot qrupnun üzvü Mariya Alyoxina, bələdiyyə deputatı Lüsi Şteyn, Navalnının sözçüsü Kira Yarmış və Həkimlər Alyansının rəhbəri Anastasiya Vasilyevaya həsr edilir. Onların hamısına qarşı keçən ay Navalnının azad edilməsi üçün tərəfdarlarını mitinqə çağırdıqlarına görə cinayət işi başlanılıb.

Navalnının tərəfdarları həmçinin aksiyada iştirak edən şəxslərin məsuliyyətə cəlb oluna biləcəyinə dair xəbərdarlıqlara baxmayaraq, fevralın 14-də müxalifət liderinə dəstək nümayiş etdirmək məqsədilə mobil telefonların işıqları, fənərlər və şamlardan istifadə edərək etiraz aksiyası planlaşdırır.

Navalnının komandası Rusiyanın hər yerində insanları yerli vaxtla axşam saat 8:00-dən başlayaraq 15 dəqiqə ərzində mobil telefonların fənərlərini yandıraraq, işıqları evləri və ya binalarından göyə istiqamətləndirməyə çağırıb.

Rusiya Prezidenti Vladimir Putinin kəskin tənqidçisi olan 44 yaşlı Navalnı onun bildirdiyi kimi Putinin göstərişi ilə sinir maddəsi ilə zəhərləndikdən sonra yanvarın 14-də müalicə aldığı Almaniyadan Rusiyaya qayıtdığı zaman həbs edilib. Kreml hücumla əlaqəsi olduğunu inkar edir.

Navalnının həbsi Rusiyada və Qərb ölkələrinin çoxunda hiddətlə qarşılanıb. Rusiyada on minlərlə insan yanvarın 23-ü və 31-də küçə nümayişlərində iştirak edib.

Polis nümayişləri dağıdıraq, Navalnının siyasi müttəfiqlərinin çoxunu həbs edib və küçələrdə toplaşan nümayişçilərə qarşı bəzən ifrat güc tətbiq edərək, minlərlə insanı saxlayıb.

XS
SM
MD
LG