Rusiyaya məxsus Sukhoi Su-57 qırıcı təyyarələrindən biri 24 dekabrda Uzaq Şərqdə qəzaya uğrayıb. Rusiya xəbər agentlikləri bunun ölkənin ən qabaqcıl döyüş təyyarəsi ilə əlaqəli ilk qəza olduğunu bildirir.
RİA xəbər agentliyi təyyarəni istehsal edən Rusiyanın Birləşmiş Aviasiya Korporasiyasına istinadən bildirir ki, hadisə Xabarovsk vilayətində bir təlim uçuşu zamanı baş verib. Təyyarəni idarə edən pilotun təhlükəsiz bir şəkildə təyyarədən tullana bildiyi bildirilir.
TASS xəbər agentliyi isə iki hərbi mənbəyə istinadən xəbər verir ki, qəza ilə əlaqədar olaraq idarəetmə sistemində baş vermiş nasazlığı araşdıracaq bir komissiya yaradılacaq.
İnterfaks xəbər agentliyi bir mənbəyə istinadən xəbər verir ki, qəzaya uğramış təyyarə kütləvi istehsal olunacaq ilk təyyarələrdən biri idi və bu ilin sonuna qədər Rusiya hərbi hava qüvvələrinə təhvil verilməli idi.
Rusiya bundan əvvəl Su-57 təyyarəsini Suriyada sınaqdan keçirib.
ABŞ-ın F-22 Raptor təyyarəsinə rəqib olaraq hazırlanan təyyarənin prototipi ilk dəfə 2010-cu ilin yanvarında sınaqdan keçirilib. Su-57 təyyarəsi keçən il may ayında Rusiyada Qızıl Meydanda hər il keçirilən hərbi paradda Moskva səmasında uçurulan zaman təqdim edilib.