Accessibility links

Rusiyanın təklifi narahatlıq doğurur


Rusiya Livan və İordaniyadan suriyalı qaçqınların vətənlərinə repatriasiyasını təklif edir

Suriya qaçqınları və BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı da daxil olmaqla, yardım qrupları Rusiyanın təklif etdiyi plandan narahatdır. Rusiya Livan və İordaniyadan suriyalı qaçqınların vətənlərinə repatriasiyasını təklif edir.

Qurumun İordaniyadakı sözçüsü Nida Yassin Amerikanın Səsinə bildirib ki, qaçqınlarla qaytarılmalarından əvvəl görüşlər keçirilir. O, agentliyin hələ ki, şərait olmadığına görə heç bir qaçqını geri qaytarmadığını deyib.

Rusiya dəfələrlə Suriya hökuməti və qaçqınlara sığınacaq verən ölkələrlə repatriasiya məsələsini qaldırıb.

Ötən həftə Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putin Berlində Suriya münaqişəsini müzakirə edib. Vladimir Putin qaçqınların qaytarılmasının vacibliyini vurğulayıb.

Rusiya rəsmiləri beynəlxalq donorlara müraciət edərək, müharibədən sarsılan Suriyada bərpa işləri və qaçqınların qaytarılmasına yardım göstərməyə çağırıb.

Suriya mətbuatı hökumətin qaçqınların qaytarılması üçün koordinasiya komitəsi yaratdığını bildirib.

Bəzi ekspertlər humanitar yardımlar adı ilə Rusiyanın prezident Əsədə siyasi dividentlər qazandırmağa çalışdığını düşünür.

“Rusiya bilir ki, qaçqınlar məsələsi ilə dünya ictimaiyyətini Suriya rejiminin reabilitasiyası və yenidənqurmanın maliyyələşdirilməsinə razı salacaq” - deyə, Paris universitetinin beynəlxalq əlaqələr üzrə professoru Xəttar Əbu Diab Amerikanın Səsinə bildirib.

Diab əlavə edib ki, daxildə və beynəlxalq miqyasda didərgin düşən qaçqınların məsələsinin həlli üçün ölkədə sabitlik və onların evlərinə könüllü şəkildə qayıtması üçün zəmin yaradılması prioritet olmalıdır.

Rusiya planını ABŞ-la da müzakirə edib. Lakin ölkələr arasında razılıq əldə edilməyib.

7 illik müharibədə on minlərlə insan həlak olub.

BMT-nin qaçqınlar üzrə ali komissarlığ 22 milyonluq Suriya əhalisinin 6 milyonunun ölkə daxilində didərgin olduqlarının , 5 milyondan artıq insanın ölkəni tərk edərək, Türkiyə, İordaniya, Livan kimi qonğu, bəzilərinin isə Avropa ölkələrinə sığındığını bildirir.

XS
SM
MD
LG