Accessibility links

Rusiyanın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan sərhədində atəşin dayandırıldığı bildirilir


Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən Ermənistan sərhədinin şərq istiqamətində noyabrın 16-da saat 18:30-dan etibarən atəş dayandırılıb, vəziyyət nisbətən stabilləşib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində artilleriyanın tətbiqi ilə davam edən lokal döyüşlər zamanı Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistan və Azərbaycan müdafiə nazirləri ilə telefon danışığı aparıb.

“Nazirlər Azərbaycan-Ermənistan sərhədində Kilisəli dağı yaxınlığında vəziyyətin gərginləşməsini müzakirə ediblər. Sergey Şoyqu hər iki tərəfi vəziyyətin gərginləşməsinə səbəb olan hərəkətləri dayandırmağa çağırıb,” Rusiya Müdafiə Nazirliyi bildirib.

Bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, müzakirə erməni tərəfinin təşəbbüsü ilə baş tutub.

“Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində baş vermiş bir sıra insidentlərdən sonra yaranmış vəziyyəti müzakirə edib,” məlumatda deyilir.

Tərəflər məsələ ilə bağlı təmasların davam etdirilməsi barədə razılığa gəlib.

Beynəlxalq ictimaiyyət son günlər Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə noyabrın 16-da telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə edib. Sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq Prezident İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib.

Noyabrın 16-da BMT-nin Baş katibinin sözçüsü brifinq zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliklərlə bağlı sualın cavabında "son zorakılıqla bağlı xəbərləri narahatlıqla izləyirik" deyə cavab verib.

"Bu mərhələdə biz bütün tərəfləri... tərəfləri təmkinli olmağa, 9 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatlara uyğun hərəkət etməyə və bununla bağlı hər hansı məsələləri sülh yolu ilə dialoq vasitəsi ilə həll etməyə çağırırıq. Biz əvvəlki eskalasiyanın hər hansı növünün qayıtmasının qarşısını almaq istəyirik" - deyə, o qeyd edib.

Noyabrın 15-də ATƏT-in Minsk Qrupunun həmsədrləri - Endrü Şofer (ABŞ), İqor Xovayev (Rusiya Federasiyası) və Bris Rokfeyl (Fransa) Ermənistan-Azərbaycan sərhədində baş verən son gərginliklə bağlı birgə yaydıqları bəyanatda regionda, o cümlədən Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə dərin narahatlıqla yanaşdıqlarını ifadə ediblər.

Həmsədrlər tərəfləri 9 noyabr bəyanatı və digər birgə razılaşdırılmış atəşkəs razılaşmalarına əsasən götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırıb.

Noyabrın 13-dən başlayaraq Ermənistan-Azərbaycan sərhədində gərginlik artmaqda davam edir. Noyabrın 16-da gərginlik hər iki tərəfdən artilleriyanın tətbiqi ilə lokal döyüşlər şəklində davam etdirilib. Rəsmi mənbələrin məlumatına görə, hər iki tərəfdən yaralananlar, Ermənistan tərəfdən həm də itkilərin olduğu bildirilir.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, dəqiqləşdirilmiş məlumata əsasən bir erməni hərbçisi həlak olub, yaralıların sayı dəqiqləşdirilir, Azərbaycan tərəfi 12 erməni hərbiçisini əsir götürüb.

XS
SM
MD
LG