Accessibility links

Sumqayıt Apellyasiya Məhkəməsi AXCP fəalını həbsdə saxlayıb


Ruslan Qarayev (Foto Qarayevin Facebook səhifəsindən götürülüb)
Ruslan Qarayev (Foto Qarayevin Facebook səhifəsindən götürülüb)

Vəkil Əsabəli Mustafayev apellyasiya şikayətinin obyektiv araşdırılmadığını bildirib

Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Qarayevin inzibati cəza ilə bağlı şikayətini təmin etməyib.

Ruslan Qarayev iyulun 20-də saxlanılıb və ona 20 gün inzibati həbs cəzası verilib. O, polisə tabe olmamaqda və xırda xuliqanlıqda günahlandırılır. Fəal ittihamları rədd edərək uydurma adlandırıb.

R.Qarayevin vəkili Əsabəli Mustafayev Turan-ın müxbirilə söhbətində apellyasiya şikayətinin obyektiv araşdırılmadığını bildirib.

"R.Qarayevin işi üzrə Apellyasiya Məhkəməsinin iclasının keçirilməsi özü qanun pozuntusudur. Belə ki, hələ iyulun 27-də vəkil apellyasiya şikayətini məhkəməyə təqdim edib, ona baxılması isə avqustun 6-da olub. Halbuki, qanunvericiliyə görə, bu cür hallarda şikayətə bir sutka içində baxılmalıdır.

Bundan əlavə, nə şikayət, nə də çoxsaylı vəsatətlər təmin edilməyib. Məhkəmə vəkilin R.Qarayevə baş çəkməsinə əngəl yaradılmasının səbəbləri barədə vəsatəti araşdırmayıb. R.Qarayevi saxlayan polislərin məhkəməyə çağırılması bardə vəsatət də təmin olunmayıb. Məhkəmə Sumqayıt polisinin təcridxana rəisini məhkəməyə çağırmaqdan imtina edib. Həmçinin məhkəmə apellyasiya şikayətinə baxılması zamanı R.Qarayevin iştirakını təmin etməyib. Apellyasiya Məhkəməsi vəkilin R.Qarayevin yanına buraxılmaması ilə bağlı DİN “102” xidmətinə və ombudsman aparatının “qaynar xətt”inə müraciətinə reaksiyanın olmamasının səbəbləri barədə vəsatəti təmin etməyib.!

Vəkilin sözlərinə görə, müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

AXCP-də hesab edirlər ki, R.Qarayev müxalifətyönlü fəaliyyətinə və sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə siyasi motivlərlə təqib olunur.

Hüquq-mühafizə orqanları R.Qarayevin həbsini şərh etməyib.

XS
SM
MD
LG