Accessibility links

Putin konsert zalına hücum edən silahlı şəxslərin Ukraynaya qaçmağa çalışdığını iddia edir, Kyiv isə əlaqəsi olduğunu inkar edir


Rusiya Prezidenti Vladimir Putin şənbə günü xalqa müraciətində bildirib ki, Rusiya hakimiyyət orqanları Moskva yaxınlığında konsert zalında ən azı 133 nəfərin ölümü ilə nəticələnən hücumda şübhəli bilinən və Ukraynaya üz tutduqları güman edən 4 nəfəri həbs edib.

Bu arada isə Kyiv Krasnoqorskda yerləşən Crocus City Hall konsert zalına cümə günü edilən hücumda əli olduğunu qəti şəkildə inkar edib. Kyiv Putini və digər rus siyasətçilərini Rusiyanın Ukraynada apardığı və bu yaxınlarda üçüncü ilinə daxil olan müharibəyə dəstəyi gücləndirmək üçün yalandan Ukraynanı hücumla əlaqələndirməkdə ittiham edib.

İslam Dövləti qrupunun Əfqanıstan qolu sosial mediada paylaşdığı açıqlamada cümə günü baş verən hücumun məsuliyyətini üzərinə götürüb. ABŞ kəşfiyyat rəsmisi The Associated Press-ə bildirib ki, ABŞ agentlikləri qrupun hücuma görə məsuliyyət daşıdığını təsdiqləyib.

Putin deyib ki, rəsmilər onlarla nəfərin xəsarət alması və binanın xarabalığa çevrilməsi ilə nəticələnən hücumla əlaqədar ümumilikdə 11 nəfəri saxlayıb. Putin xalqa müraciətində bunu “qanlı, barbar terror aktı” adlandırıb və deyib ki, hücumda birbaşa iştirak edən dörd nəfər saxlanılıb. O, onların sərhəddən Ukraynaya keçməyə çalışdıqlarını və Ukraynanın da onların qaçmalarına yardım etmək üçün “pəncərə” yaratmağa çalışdığını deyib.

Rusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin

Putin həmçinin şənbə günü ölkə boyu əlavə təhlükəsizlik təbirlərinin görüldüyü deyib və bazar gününü ümummili matəm günü elan edib.

Şənbə günü müstəntiqlər daha çox qurban tapmaq üçün zalın yanmış dağıntıları arasında axtarış aparıblar və səlahiyyətlilər ölənlərin sayının arta biləcəyini söyləyib. Bu arada isə Rusiya səhiyyə nazirliyi bildirib ki, şənbə günü Moskvada minlərlə insan qan və plazma vermək üçün növbəyə dayanıb.

“Biz sadəcə olaraq hərtərəfli və kinli şəkildə hazırlanmış terror hücumu ilə deyil, dinc günahsız insanların yaxşı hazırlanmış, mütəşəkkil kütləvi qətli ilə üzləşdik,” Putin deyib.

Son illərdə Rusiyada baş verən ən ölümcül hücum Putinin seçkidəki qələbə ilə hakimiyyətini möhkəməmlədirməsindən bir neçə gün sonraya və ölkənin Ukraynadakı müharibəsi üçüncü ilinə daxil olduğu bir vaxta təsadüf edir.

Bəzi rus qanunvericilər hücumdan dərhal sonra Ukraynanı günahlandırıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mixailo Podolyak isə hər hansı əlaqəni rədd edib.

“Ukrayna heç vaxt terrorçu üsullala əl atmayıb,” o X-də yazıb. “Bu müharibədə hər şey yalnız döyüş meydanında həll olunacaq.”

Ukrayna Xarici İşlər Nazirliyi də ölkəsinin hər hansı əlaqəsini inkar edib və Moskvanı hücumdan müharibə səylərinə dəstəyi gücləndirmək üçün sui-istifadə etməkdə ittiham edib.

“Biz bu cür ittihamları Rusiya cəmiyyətində anti-Ukrayna isteriyasını daha da qızışdırmaq, ölkəmizə qarşı cinayətkar təcavüzdə iştirak etmək üçün Rusiya vətəndaşlarının səfərbərliyinin artırılmasına şərait yaratmaq və beynəlxalq ictimaiyyətin gözündə Ukraynanı nüfuzdan salmaq üçün Kremlin planlaşdırılmış təxribatı hesab edirik,” nazirlik bəyanatında yazıb.

Rusiya dövlət mediasının şənbə günü yaydığı görüntülərdə 6,000 nəfərdən çox insan tutumuna malik olan Crocus City Hall-un önündə hələ də təcili yardım maşınlarının olduğu göstərilib.

İnternetdə yayılan videolarda silahlı şəxslərin mülki şəxsləri yaxın məsafədən güllələdiyi əks olunub. Rusiya xəbər agentlikləri rəsmilərə və şahidlərə istinad edərək bildirib ki, hücum edənlər partlayıcı cihazlar ataraq, yanğına səbəb olublar. Böyük izdihamın Rusiyanın rok qrupu Piknik-in konserti üçün bir araya gəldiyi zalın damı şənbə günü çöküb.

İŞİD-in Əfqanıstan qolu Aamaq xəbər agentliyində paylaşdığı bəyanatında Krasnoqorskda “xristianların” böyük yığıncağına hücum etdiyini bildirib. İddianın həqiqiliyini dərhal yoxlamaq mümkün olmayıb.

ABŞ-ın kəşfiyyat rəsmisi AP-yə bildirib ki, Amerikanın kəşfiyyat agentlikləri son həftələrdə İŞİD-in qolunun Moskvada hücum planlaşdırdığına dair məlumat toplayıb və ABŞ rəsmiləri bu ayın əvvəlində kəşfiyyat məlumatlarını məxfi şəkildə Rusiya rəsmiləri ilə paylaşıb.

Rəsmi məsələ ilə bağlı məlumatlandırıb, amma kəşfiyyat məlumatlarını açıq şəkildə müzakirə etmək səlahiyyəti olmadığı üçün adının anonim qalmsı şərtilə AP-yə danışıb.

Bütün dünyadan qəzəb, şok və zərəçəkənlər və onların ailələrinə dəstək mesajları axıb.

Cümə günü BMT-nin Təhlükəsizlik Şurası “mənfur və qorxaq terror hücumu”nu pisləyib və günahkarların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayib. BMT baş katibi Antonio Quterreş də terror hücumunu “mümkün olan ən sərt şəkildə” pisləyib. Bu barədə onun sözçüsü məlumat verib.

Müxalifətə qarşı genişmiqyaslı repressiyalardan sonra bu həftə keçirilən prezident seçkilərində Rusiyaya nəzarətini daha altı il uzadan Putin, Qərbin potensial terror hücumu ilə bağlı xəbərdarlıqlarını rusları qorxutmaq cəhdi adlandıraraq açıq şəkildə qınayıb. “Bütün bunlar açıq şantaj və cəmiyyətimizi qorxutmaq və sabitliyi pozmaq cəhdinə bənzəyir,” o bu həftənin əvvəlində deyib.

Forum

XS
SM
MD
LG