Accessibility links

Rusiya Qara dəniz taxıl sazişinin bitmək üzrə ola biləcəyini bildirir


Rusiya cümə axşamı bildirib ki, Qərb Rusiya taxılının və gübrəsinin ixracına bir sıra maneələri aradan qaldırmasa, BMT-nin vasitəçiliyi ilə Qara dəniz taxıl sazişinin müddəti mayın 18-dən sonra uzadılmayacaq.

Ukraynanın Qara dəniz taxıl ixracı sövdələşməsi keçən ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə dünyanın iki aparıcı taxıl tədarükçüsünün ixracına mane olan münaqişə nəticəsində daha da pisləşən qlobal ərzaq böhranının yumşaldılmasına yardım edib.

"Beş sistemli problemin həllində irəliləyiş olmadan, mayın 18-dən sonra Qara dəniz təşəbbüsünün uzadılmasından danışmağa ehtiyac olmayacaq," Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

"Qeyd edirik ki, qlobal ərzaq təhlükəsizliyi və ehtiyacı olan ölkələrə yardımla bağlı bütün səs-küylü bəyanatlara baxmayaraq, Qara Dəniz Təşəbbüsü Qərb ölkələrinin maraqlarına uyğun olaraq, Kyivin kommersiya ixracına xidmət edir və xidmət etməkdə davam edir" - deyə, nazirlik bildirib.

Rusiyanı Ukraynanın Qara dənizlə taxıl ixracatını bərpa etməsinə icazə verməyə inandırmaq üçün keçən ilin iyul ayında BMT-nin Rusiyaya ərzaq və gübrə ixracına yardımla bağlı razılaşdığı ayrıca üç illik saziş də imzalanıb.

Rusiya iki sazişin "bir "paketin" bir-birinə bağlı hissələri" olduğunu deyib və BMT-ni faktların təhrif edilməsinə görə qınayıb.

BMT-nin sözçüsü Stefan Dujarrik "tərəflərlə müzakirələrin, kommunikasiyaların hələ də davam etdiyini" və BMT rəsmilərinin hər iki razılaşmanın həyata keçirilməsini təmin etməkdə qərarlı olduqlarını deyib.

O, Rusiyanın ixracatı ilə bağlı "ödənişlər və digər texniki məsələlərin həll edilməsi gərək olan bir sıra kritik problemin hələ də qaldığını" və BMT rəsmilərinin bu məsələləri həll etməyə çalışdıqları bildirib.

Lakin o qeyd edib ki, "taxıl ticarətinin artmasına, aşağı yükdaşıma tariflərinin aşağı düşməsinə və gübrə üçün Rusiya limanlarına müraciət edən gəmilərin sayının artmasına və sığortanın azalmasına yardım edən bəzi konkret nəticələr var".

"Beləliklə, biz müəyyən irəliləyiş əldə etdik, lakin daha çox şey əldə etmək üçün səy göstərməyə davam edirik" deyib Dujarrik.

Qərb dövlətləri Rusiyaya qarşı 2022-ci il fevralın 24-də Ukraynaya müdaxiləyə görə sərt sanksiyalar tətbiq edib. Ölkənin ərzaq və gübrə ixracına sanksiya tətbiq edilməsə də, Moskva deyir ki, ödənişlər, logistika və sığorta ilə bağlı məhdudiyyətlər daşınmalara maneələr yaradır.

Xarici İşlər Nazirliyi Rusiya Kənd Təsərrüfatı Bankının (Rosselxozbank) SWIFT ödəniş sisteminə yenidən qoşulmalı, kənd təsərrüfatı texnikası və hissələrinin tədarükünün bərpa edilməli olduğunu, sığorta və təkrar sığorta üzrə məhdudiyyətlərin aradan qaldırılmasına ehtiyac olduğunu bildirib.

XS
SM
MD
LG