Accessibility links

Qazaxıstan neft məhsullarının Rusiyanın Taman limanına daşınmasına qadağa qoyacaq


Qazaxıstanın dəmir yolları idarəsi mayın 8-dən etibarən Rusiyanın Qara dəniz sahilindəki Taman limanına neft məhsullarının daşınmasını qadağan edəcək. Bu barədə məlumat Reuters xəbər agentliyi dövlət dəmir yolu operatorunun göstərişinə istinadən yayıb.

Qadağanın səbəbləri və nə qədər müddətə tətbiq olunacağı barədə məlumat verilməyib. Sənəd nəqliyyat şirkətlərinə ünvanlanıb.

Mayın 3-dən etibarən Rusiya Dəmir Yolları şirkəti də Tamana neft nəqlini dayandırıb. Rusiya şirkəti də səbəbləri göstərməyib.

Bu qərar Taman limanı yaxınlığında neft məhsulları olan çənin alovlanmasından dərhal sonra verilib. Yanğın ən yüksək dərəcəli kimi qiymətləndirilib və demək olar ki, bir sutka ərzində söndürülüb. Yanğın 1,2 min kvadrat-metr sahəni əhatə edib.

Reuters xəbər verir ki, Taman limanındakı neftdaşıma terminalı ildə 20 milyon ton xam neft, neft məhsulları və maye qaz ötürmə qabiliyyətinə malikdir. Keçən il Qazaxıstan Taman vasitəsilə 1 milyon tondan çox mazut və 230 tona yaxın maye qaz ixrac edib.

Üç ticarət şirkəti agentliyə terminalın neft məhsulları və maye qazın qəbulunu və buraxılmasını davam etdirdiyini bildirib. Onlardan biri limanda vaqonların sıxışmış vəziyyətdə olduğunu deyib və mayın 8-dək vəziyyətin sabitləşəcəyinə və qadağanın aradan qaldırılacağına ümid etdiyini bildirib.

Taman şəhəri və limanı Kerç körpüsünün yaxınlığında yerləşir və bu körpü vasitəsilə neft məhsulları Rusiya tərəfindən ilhaq edilmiş Krıma da çatdırılır.

XS
SM
MD
LG