Roskomnadzor Rusiyada Twitter mikrobloqlar xidmətini bloklayıb.
Globalcheck monitoriq qrupunun məlumatları göstərir ki, Twitter-in Rusiya boyu fəaliyyəti dayandırılıb.
Meduza Roskomnadzorun saytlara və sayt səhifələrinə giriş məhdudiyyətlərinin yoxlanılması xidmətinə istinadən yazır ki, sosial şəbəkə Baş Prokurorluğun 24 fevral 2022-ci il tarixli qərarı ilə bloklanıb.
Roskomnadzor martın 1-də Ukraynada baş verən hadisələrlə bağlı “qeyri-dəqiq sosial əhəmiyyətli məlumatların” yayılması səbəbindən stolüstü kompüterlərdə Twitter trafikini ləngitməyə başlayıb. Departament açıqlamasında sosial şəbəkə “Roskomnadzor tərəfindən müəyyən edilmiş qadağan olunmuş materialları tamamilə siləndən, həmçinin informasiya qarşıdurmasında iştiraka, saxta məlumatların və ekstremizmə çağırışların yayılmasına son qoyandan sonra məhdudiyyəti aradan qaldıracağını vəd edib.
Bundan əvvəl Roskomnadzor “Rusiya mediasına və informasiya resurslarına qarşı ayrı-seçkiliyə” görə Rusiyada Facebook-u bloklamaq qərarına gəlmişdi. Facebook-un məxsus olduğu “Meta” şirkətinin vitse-prezidenti Nik Kleq Rusiya hakimiyyətinin hərəkətlərinə cavab olaraq bildirib ki, şirkət xidmətləri bərpa etmək, insanların öz fikirlərini təhlükəsiz ifadə edə və öz fəaliyyətlərini təşkil edə bilməsi üçün onlara çıxışın olmasını təmin etmək üçün hər şeyi etməyə davam edəcək.