Accessibility links

Putin gələn həftə Özbəkistanda Çin lideri ilə görüşəcək


Rusiya rəsmisinin bildirdiyinə görə, Prezident Vladimir Putin və Çin lideri Si Cinpin gələn həftə Özbəkistanda keçiriləcək sammitdə görüşəcək.

Liderlər sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində bir araya gələcək. Bu barədə Rusiyanın Çindəki səfiri Andrey Denisov jurnalistlərə bildirib.

"10 gündən az müddətdə Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində liderlərimizin daha bir görüşü baş tutacaq. Biz buna fəal şəkildə hazırlaşırıq" - Rusiyanın dövlət Tass xəbər agentliyi Denisovdan sitat gətirib.

Özbəkistana səfər baş tutarsa, bu, Sinin son 2 il yarımda xaricə ilk səfəri olacaq. Rusiya mediası Sinin Özbəkistandakı sammitdən əvvəl Qazaxıstana səfər etməyi planlaşdırdığını bildirsə də, bu xəbər təsdiqlənməyib.

Çərşənbə günü gündəlik brifinqdə Özbəkistan səfəri barədə soruşulduqda Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin "sualınızla bağlı təklif edəcəyim heç nə yoxdur” deyib.

Putin və Si sonuncu dəfə fevral ayında, Kremlin Ukraynaya qoşun göndərməsindən həftələr əvvəl Pekində görüşüb. İki prezident tərəflər arasında münasibətlərin "hüdudsuz" olacağını vəd edən sazişin imzalanmasında iştirak edib. Sinin Moskvanın Ukraynada "xüsusi hərbi əməliyyat" adlandırdığı əməliyyata başlamaq planından xəbəri olub-olmadığı hələ də qeyri-müəyyən olaraq qalır.

Səssiz qalaraq, Rusiyanın Ukraynadakı kampaniyasını dəstəyən Çin neytral görünməyə və beynəlxalq sanksiyalar fonunda Rusiya iqtisadiyyatını dəstəkləməsinin mümkün nəticələrindən qaçmağa çalışıb.

Moskva və Pekin Asiya, Avropa və onun hüdudlarından kənarda liberal demokratik qüvvələrə qarşı xarici siyasətlərini getdikcə daha çox uyğunlaşdırır.

Rusiya ordusu keçən həftə ölkənin şərqində Çin və digər ölkələrin qüvvələrinin iştirakı ilə həftəlik hərbi təlimlər keçirib. Onlar ABŞ-la gərginlik yaşandığı bir vaxt Moskva və Pekin arasında artan müdafiə əməkdaşlığını nümayiş etdirib.

Manevrlər həm də Moskvanın qoşunlarının Ukraynada döyüşdüyü halda belə, kütləvi təlimlər üçün kifayət qədər hərbi gücə malik olduğunu nümayiş etdirmək məqsədi daşıyıb.

Müdafiə Nazirliyi qeyd edib ki, Yapon dənizində keçiriləcək manevrlər çərçivəsində Rusiya və Çin donanmaları dəniz rabitəsini, dəniz iqtisadi fəaliyyət sahələrini qorumaq və sahilyanı ərazilərdə quru qoşunlarına dəstək üçün birgə fəaliyyət göstərəcək.

XS
SM
MD
LG