Ukraynanın cənubunda Mariupol şəhərində polad zavodunda gizlənən son ukraynalı əsgərlər təslim olandan sonra Rusiya cümə günü şəhəri ələ keçirdiyini bildirib.
Rusiya Müdafiə Nazirliyinin bəyatına əsasən, müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə deyib ki, həm Azovstal polad zavodu həm də şəhər “tamamilə azad olunub.”
Ukrayna Mariupolun tamamilə Rusiyanın nəzarəti altında olduğunu təsdiq etməyib.
Liman şəhər müharibə boyu mühasirə altında olub, Rusiya qüvvələri onu üç ay boyunca bombardman edib. Mariupolun böyük bir hissəsi dağılıb, 20 mindən çox mülki vətəndaşın öldürüldüyü təxmin edilir.
Şəhərindəki polad zavodunda gizlənən Ukrayna döyüşçüləri bir neçə həftə boyu Rusiya qüvvələri ilə ağır döyüş aparıblar. Ancaq bu həftənin əvvəlində Ukrayna rəsmiləri döyüşçülərin həyatlarını xilas etmək üçün alaya təslim olmağı əmr ediblər.
Rusiya müdafiə nazirliyinin məlumatına görə, son günlərdə Azovstal polad zavodundakı təxminən 2000 Ukrayna əsgəri təslim olub.
Zavodun müdafiəsində əsas rol oynayan Ukraynanın Azov alayının komandiri deyib ki, döyüş meydançasından ölənlərin cəsədlərini çıxarmaq səyləri da davam edir.
Şərq uğrunda döyüş
Bundan əlavə cümə günü Rusiya Ukraynanın şərqinə hücumu şiddətləndirib və Donetsk və Luhansk bölgələrini vurmaq üçün artilleriya, raketatanlar və təyyarələrdən istifadə edib, yaşayış məntəqələrində evləri dağıdıb, mülki vətəndaşları öldürüb. Bu barədə Ukraynanın mülki və hərbi rəsmiləri məlumat veriblər.
Ukrayna Prezidenti Volodimir Zelenski Luhansk və Donetskin daxil olduğu Donbas bölgəsində vəziyyəti “cəhənnəm” kimi təsvir edib və deyib ki, region Rusiyanın hərbi müdaxiləsi nəticəsində “dağılıb.” O, Rusiya qüvvələrinin bacardıqları qədər çox ukraynalını öldürməyə və mümkün qədər çox zərər vurmağa çalışmaqda ittiham edib.
Ukraynanın Luhansk regionunun qubernatoru Serhiy Haidai Telegram kanalında bildirib ki, Rusiya cümə günü Severodonetsk şəhərində bir məktəbə hücum edib. O, həmin məktəbdə çoxu uşaq olmaqla 200-dən çox insanın olduğunu bildirib.
Rusiya qoşunları paytaxt müharibənin başında Kyivi ala bilmədiyi üçün Putin diqqətini Donbasa yönəldib.
Rusiyanın müdafiə naziri cümə günü deyib ki, “Luhansk Xalq Respublikasının azad edilməsi başa çatmaq üzrədir.”
Pentaqonun sözçüsü Con Kirbi deyib ki, Rusiya Donbasda Moskvanın istədiyindən daha yavaş və qeyri-bərabər irəliləyir. O əlavə edib ki, regionda hər gün Rusiya ilə Ukrayna arasında “əl dəyişən obalar, qəsəbələr və kəndlər” olur.