Accessibility links

Rusiya Ukraynaya “Kamikadze” dronları ilə hücumlarını davam etdirir


Dron hücumundan sonra Kyivdəki mənizilin görüntüləri
Dron hücumundan sonra Kyivdəki mənizilin görüntüləri

Dekabrın 30-da Rusiya Ukraynanın paytaxtı və digər şəhərlərinə pilotsuz aparatlarla hava zərbələrinin növbəti dalğasını həyata keçirib.

Ukrayna rəsmiləri bildiriblər ki, hərbi hava hücumundan müdafiə vasitələri şəhərləri hədəf alan İran istehsalı olan 16 Şahed dronun “hamısını” məhv edib.

Dekabrın 30-da Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayayaraq bildirib ki, “Dekabrın 29-dan 30-na keçən gecə düşmən İran istehsalı olan kamikadze pilotsuz təyyarələrlə hücuma keçib”.

Kyiv yeddi pilotsuz təyyarə ilə hədəfə alınıb. Mer Vitali Kliçkonun sözlərinə görə, pilotsuz təyyarələrdən ikisi “paytaxta yaxınlaşarkən” vurulub, digər beşi isə şəhərin üzərində zərərsizləşdirilib.

O, itkilərin olmadığını, lakin şəhərin cənub-qərbində yerləşən iki binanın pəncərələrinin dağıntılar nəticəsində zədələndiyini bildirib.

Hərbi rəsmilər Kyivin Holosiiv rayonunda inzibati binanın qismən dağıldığını bildirib.

Hava hücumları Rusiya qüvvələrinin Ukraynanın bütün şəhərlərini bombalaması və azı üç nəfərin ölümündən bir gün sonra baş verib.

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya raketlərinin zərbələri şaxtalı hava şəraitində əksər bölgələri elektriksiz qoyub.

O, dekabrın 29-da axşam videomüraciətində bildirib ki, vəziyyət "Xüsusilə Kyiv vilayətində və paytaxtda, Lviv vilayətində, Odesada, Xersonda, Zakarpatiyada xüsusilə çətindir".

Ukrayna sərt qışla üzləşdiyi bir vaxt, Rusiya son aylarda mülki infrastrukturu hədəfə alıb. Nəticədə milyonlarla insan işıqsız, istiliksiz və susuz qalıb.

Zelenski bildirib ki, cəbhə xəttində vəziyyətdə ciddi dəyişiklik olmayıb. Şərqdə Donetskdə döyüşlər hələ də çox gərgin olaraq qalır.

"Düşmən Donetsk vilayətini ələ keçirmək kimi sərsəm fikrindən əl çəkməyib. İndi onlar bunu qarşılarına Yeni il tapşırığı olaraq qoyublar" deyə o bildirib.

Almaniyanın DPA xəbər agentliyinə müsahibə verən NATO-nun baş katibi Yens Stoltenberq alyansın üzvlərini Ukraynaya daha çox silah verməyə çağırıb və deyib ki, “Ukraynanın üstün olmasını təmin etmək bizim bütün təhlükəsizlik maraqlarımıza uyğundur”.

"Bu, paradoks kimi səslənə bilər, lakin Ukraynaya hərbi dəstək sülhə aparan ən sürətli yoldur. Biz bilirik ki, əksər müharibələr danışıqlar masası arxasında başa çatır - yəqin ki, bu müharibə də -- lakin biz bilirik ki, Ukrayna bu danışıqlarda nəyə nail ola biləcəyi hərbi vəziyyətdən asılı olacaq” deyə Stoltenberq əlavə edib.

Dekabrın 30-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiya qüvvələri son 24 saat ərzində 85 raket zərbəsi, 35 hava zərbəsi və 63 reaktiv yaylım atəşi sistemlərindən zərbələr həyata endirib.

Rəqəmləri müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

XS
SM
MD
LG