Accessibility links

Aİ rəsmisi Ukrayna ilə silah-sursat sövdələşməsinə əminliyini ifadə edib


Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə rəhbəri Cosep Borrell bazar ertəsi bildirib ki, Ukraynanı lazımi sursatla təmin etmək proqramı ilə bağlı bəzi fikir ayrılıqları qalsa da, o, üzv ölkələrin qalan detalları yekunlaşdıracağına əmindir.

Avropa İttifaqının xarici işlər nazirləri ilə görüşmək üçün Lüksemburqa gedən Borrell jurnalistlərə deyib ki, o əmindir ki, "hər kəs bizim son dərəcə fövqəladə vəziyyətdə olduğumuzu başa düşəcək".

Daha sonra Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın görüşdə video vasitəsilə çıxışından sonra o, Tvitter hesabında yazıb ki, müharibəyə son qoymağın ən yaxşı yolu Rusiyanın döyüşləri dayandırması və Ukrayna ərazilərindən çıxmasıdır.

"O vaxta qədər biz Ukraynanın özünü Rusiyanın təcavüzündən müdafiə etmək qabiliyyətinə malik olmasını təmin etməyə davam edəcəyik," Borrell bildirib.

Rusiya rəsmisinin bildirdiyinə görə, bazar ertəsi səhər saatlarında Krımın Sevastopol limanına dron hücumu olub.

Şəhərin Rusiya tərəfindən təyin edilmiş qubernatoru Mixayil Razvojayev sosial mediada bildirib ki, Rusiya qüvvələri yerüstü dronu məhv edib, ikinci dron isə partlayıb.

Ukrayna hərbçiləri tərəfindən hücum barədə dərhal şərh verilməyib. Oktyabr ayında Rusiyanın Qara Dəniz Donanmasına edilən dron hücumuna görə Ukrayna günahlandırılmışdı.

Britaniyanın Müdafiə Nazirliyi bazar ertəsi bildirib ki, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində hakimiyyət "əhalini Rusiya Federasiyası pasportları almağa məcbur edir".

Britaniya Müdafiə Nazirliyi gündəlik qiymətləndirməsində Rusiyanın ilhaq etdiyini iddia etdiyi başqa bir bölgə olan Xersonda sakinlərin iyunun 1-dək Rusiya pasportu almadıqları təqdirdə deportasiya və əmlaklarının müsadirəsi ilə hədələndiyini bildirib.

"Belə görünür, Rusiya xüsusilə də 2024-cü il prezident seçkiləri ərəfəsində işğalını uğur kimi qələmə vermək üçün Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya Federasiyasının bürokratiyasına inteqrasiyasını sürətləndirir" - deyə, Britaniya Müdafiə Nazirliyi bildirib.

Rusiya və Ukrayna bazar günü döyüşlərin getdiyi Baxmut şəhəri ilə bağlı iddialar irəli sürüb.

Moskva qüvvələri demək olar ki, tamamilə dağıdılmış şəhərin qərb bölgəsindəki daha iki məhəlləni ələ keçirdiyini bildirsə də, lakin heç bir detal təqdim etməyib.

14 ay əvvəl Ukraynaya müdaxilə edən Rusiya Baxmutu Ukraynanın şərqindəki digər irəliləyişlərə aparan yol kimi görür.

Ukraynanın general-polkovniki Oleksandr Sırski isə Telegram kanalına özünün və ordusunun cəbhə bölgəsindəki görüntülərini yerləşdirərək, "biz düşmənə çox vaxt onun gözləmədiyi yerlərdən zərbələr endirir və strateji mövqeləri saxlamaqda davam edirik" yazıb.

Reuters xəbər agentliyinin verdiyi məlumata əsasən, keçən ay Ukrayna baş nazirinin müavini İrina Vereşukun müharibədən əvvəl 70 mindən çox əhalisi olan Baxmutda hazırda 38-i uşaq olmaqla, 4000-dən az mülki vətəndaşın qaldığını deyib. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bildirdiyinə görə, sağ qalanlar şiddətli atəşə məruz qalan bölgədə yeraltı sığınacaqlarda yaşayır.

XS
SM
MD
LG