Kreml Ukraynaya qarşı müharibəsini gücləndirdikcə və işğala qarşı hər hansı etirazı yatırdıqca, Rusiyanın tarixən zorakılığa və müharibəyə qarşı olan incəsənət və mədəniyyət dünyası bədbinliyə doğru gedir.
Rusiyanın bir çox şəhərində olduğu kimi Sankt-Peterburqun hökumət orqanları festivalları ləğv edərək, müharibə zamanı belə tədbirlərin keçirilməsinin yersiz olduğunu bildirib. Hətta bu qış Milad və Yeni il şənlikləri də məhdudlaşdırılacaq.
Müharibəyə baxmayaraq, rus xalqı teatra getməyə davam edir. Bəziləri deyirlər ki, mədəniyyət, incəsənət və musiqi dünyası, Çeçenistan münaqişəsi kimi keçmişdəki müharibələrdə olduğu kimi, çətin zamanlarda yardım edir. Zazerkalye teatrının direktoru Aleksandr Petrov: "90-cı illərdəki kimi çətin illərdə və indi sizinlə mənim danışdığımız kontekstdə ən çox yardım edən musiqidir, o, insanlara fərqli yaşamaq üçün enerji verir".
Rusiya incəsənəti Ukrayna müharibəsinin itkiləri arasında olub - teatr ifaçıları da daxil olmaqla, münaqişəyə qarşı çıxan yüzlərlə sənətçi ölkədən qaçıb və ya hərbi xidmətdən yayınmağa cəhd edib.
Bəzi müşahidəçilər bunu 1930-cu illərdə Sovet lideri İosif Stalinin təhdid hesab etdiyi insanları edam etməyə və ya onları QULAQ-a göndərdiyi zamanla müqayisə edir. "Petersburq Teaterı" jurnalından Marina Dmitrevskaya: "Ən pisi odur ki, sən hər gün kiminsə ölkəni tərk etdiyini eşidirsən və beləliklə, Rusiyanın teatr mədəniyyəti keçən əsrdən [30-cu illərdən] bu yana görünməmiş canlı qüvvə itkisinə məruz qalıb".
Ləğv edilən tədbirlər arasında Rusiyanın təcridinin qurbanı, şəhərin Beynəlxalq Mədəniyyət Forumu da var. Lakin sənətçilərin hamısı getmir. Bəziləri öz işlərindən Kremlin siyasətinə qarşı çıxmaq üçün istifadə edir və ruslara insanlıqlarını qoruyub saxladıqlarını göstərmək üçün fürsət yaradır. Marina Dmitrevskaya: "İllik festivalımızı da dayandırmağı düşündük. Lakin tamaşaçılara gülmək, ağlamaq - çətinliklərlə üzləşmək, insan olmağa davam etmək imkanı vermək üçün beş şoudan ibarət proqram təşkil etmək qərarına gəldik."
Rəssam Yelena Osipova Rusiya Prezidenti Vladimir Putinin siyasətinə qarşı fikirlər səsləndirdiyinə görə dəfələrlə həbs olunub. O, indi etirazları davam etdirməyin həmişəkindən daha çox vacib olduğunu deyir. "Bütün bunlara necə icazə verildiyini başa düşmürəm, çünki biz bu hökuməti dayandıra, dəyişdirə bilmirik. Burada baş verənlər başqa bir ölkədə baş versəydi, hökumət çoxdan devrilərdi. Buna icazə verməyimiz dəhşətdir. İndi hətta nüvə silahından istifadə etməkdən də danışırlar."
Rusiyanın Ukraynada artıq doqquzuncu aydır gedən müharibəsi ona qarşı çıxan ruslara getdikcə daha ağır təsir edir. İncəsənət isə bir çoxlarının faciə və sonsuz dram halından qaça bilmələri üçün kiçik bir pəncərə olaraq qalır.