Accessibility links

Rusiya Moskva yaxınlığında Ukraynanın pilotsuz təyyarəsini vurduğunu bildirib


Rusiya rəsmiləri cümə axşamı ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin Moskvaya doğru uçan Ukraynaya məxsus pilotsuz təyyarəni vurduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, pilotsuz təyyarə Voskresenski rayonu üzərində məhv edilib.

Moskva meri Sergey Sobyanin Telegram kanalında tələfat və dağıntılar barədə məlumatın olmadığını yazıb.

Çərşənbə günü Ukrayna Rusiyanın Estoniya və Latviya ilə sərhədi yaxınlığındakı aeroport də daxil olmaqla, pilotsuz təyyarələrlə Rusiyanın altı bölgəsiə silsilə hücumlar həyata keçirib. Rusiyanın Tass xəbər agentliyinin fövqəladə hallar rəsmilərinə istinadən verdiyi məlumata görə, aeroporta düşən pilotsuz təyyarə böyük yanğına səbəb olub, ağır texnika və qoşun daşıya bilən dörd "İl-76" hərbi təyyarəsini zədələyib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, "Rusiya ordusu şübhəsiz ki, gələcəkdə belə bir vəziyyətlərin qarşısını almaq və müvafiq tədbirlər görmək üçün bunun necə edildiyini araşdıracaq".

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın xarici yardıma arxalandığını bildirib və deyib ki, "Qərb peyklərindən diqqətlə öyrənilmiş məlumat olmadan pilotsuz təyyarələr sadəcə olaraq belə bir məsafəni qət edə bilməz".

Bu arada, Moskva qüvvələri Kyivi pilotsuz təyyarələr və raketlərlə vurub. Bunu "kütləvi, birləşmiş hücum" kimi təsvir edən Ukrayna rəsmiləri dağıntılar altında iki nəfərin öldüyünü bildirib.

Kyivin hərbi administrasiyasının rəhbəri Sergey Popko Rusiyanın Ukrayna paytaxtına hücumunu yaz başlayandan bəri ən böyük hücum kimi qiymətləndirib. Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri 20-dən çox pilotsuz təyyarə və raketi vurub.

Forum

XS
SM
MD
LG