Martın 27-də hərbçilər bildiriblər ki, Rusiya Kyiv və ətraf ərazilərə İran istehsalı olan növbəti dron hücumları dalğasına başlayıb. Lakin Ukrayna hərbi qüvvələrinin verdiyi məlumata görə, Ukraynanın hava hücumundan müdafiə qüvvələri onların demək olar ki, hamısını vurub. İtkilər barədə dərhal məlumat verilməyib. Bu, şərqdə Donetsk bölgəsində Baxmut və şəhərin ətrafında şiddətli döyüşlərin davam etdiyi vaxt baş verib.
Martın 27-də ilkin olaraq Kyiv, Çerniqov, Sumi, Dnepropetrovsk, Zaporijye və Luqansk vilayətlərində elan edilmiş hava hücumu xəbərdarlığı daha sonra Xerson, Jitomir və Kirovoqrad rayonlarına da şamil edilib.
"Rusiya qüvvələri Ukraynaya hava zərbələri endirmək üçün 15 Shahed-136 hücum dronlarından istifadə edib və onlardan 14-ü Ukrayna hərbçiləri tərəfindən məhv edilib", Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı gündəlik bülletenində bildirib.
"Ukraynanın bütün ərazisində növbəti raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır" – deyə, Baş Qərargah xəbərdarlıq edib.
Kyiv Şəhər Hərbi Administrasiyasının rəhbəri Serhiy Popko bildirib ki, Ukrayna paytaxtı yaxınlığında bir gecədə 12 dron vurulub.
Şəhər meri Vitali Kliçko paytaxtın Obolon və Svyatoşin rayonlarında partlayışlarn baş verdiyini bildirib. Kliçko qeyd edib ki, yanğın Svyatoşin rayonunda mağazanı bürüyüb, lakin onun qarşısı sürətlə alınıb və qurbanların olduğu barədə məlumat verilməyib. Ehtimal olunur ki, yanğın vurulan pilotsuz təyyarənin dağıntılarının düşməsi nəticəsində baş verib.
Şərqdə Baş Qərargah Donetsk vilayətində bir neçə cəbhədə döyüşlərin getdiyini, Ukrayna qüvvələrinin son 24 saat ərzində 62 hücumunu dəf etdiyini bildirib. Rusiya qüvvələri Moskvanın hücumunun episentrinə çevrilmiş dağılmış mədən şəhəri olan Baxmuta ardıcıl olaraq hücumları davam etdirib.
Son vaxtlar Rusiya hərbi qüvvələri 2014-cü ildən bəri Moskvanın dəstəklədiyi qüvvələrin nəzarəti altında olan Donetsk şəhərinin ətrafında Ukraynanın nəzarətində olan Maryinka və Avdiyivka şəhərlərini də atəşə tutub.
Avdiyivkada Rusiyanın atəşi nəticəsində bütün ictimai xidmətlər bağlanıb və bələdiyyə işçiləri təxliyə edilib. Şəhərdə müharibədən əvvəl təqribən 30.000 əhalidən yalnız 2000-ə yaxın mülki şəxs qalıb.
Avdiyivka hərbi administrasiyasının rəisi Vitali Barabaş bildirib ki, Rusiyanın davamlı bombardmanları şəhəri "filmlərdəki post-apokalipsis yerlərdən birinə" çevirib.