Meşə yanğınlarının tüstüsü Moskvanı bürüyüb. Rusiya paytaxtının sakinlərinin bunu ən çox bazar ertəsindən çərşənbə axşamına keçən gecə hiss edəcəyi bildirilib. Tüstünün nə qədər qalacağı küləkdən asılıdır. Lakin hələlik proqnoz belədir: Moskva vilayətində yanıq qoxusunun həftənin sonuna qədər qalacağı gözlənilir. Buna səbəb Ryazan vilayətindəki meşə yanğınları olub. Orada iki qəsəbənin sakinlərinin təxliyə olunduğu elan edilib. Bölgədə bir neçə böyük yanğın qeydə alınıb.
2021-ci ildə dünya boyu yanan meşələrin yarıdan çoxu Rusiyanın payına düşür. Bu məlumat Qlobal Forest Watch platforması tərəfindən verilib. Dünya boyu 9,3 milyon hektar meşə yanıb. Bu, Avropada Portuqaliyanın ərazisinə bərabərdir. Yanan meşələrin ümumi həcminin 58 faizinin Rusiyanın payına düşdüyü bildirilir. Yanğınlar nəticəsində 5,4 milyon hektar ərazi məhv edilib.
Meşə yanğınlarının sürəti də təəccüb doğurur. Bir neçə dəqiqə ərzində dünyada 16 futbol meydançasına bərabər ərazi yanır. Alimlər bunun səbəbinin antropogen iqlim dəyişikliyi, yəni insan fəaliiyyəti nəticəsində yaranan qlobal istiləşməilə bağlı olduğunu deyir.
“Qarşıdan gələn onilliklərdə bu istilik dalğaları getdikcə daha tez-tez baş verəcək. İqlim dəyişikliyinin qarşısının alınması istiqamətində s uğurumuzdan asılı olmayaraq, bu tendensiya ən azı 2060-cı illərə qədər davam edəcək” - deyə, Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi Petteri Taalas bildirib.
Dünyanın şimal bölgələri daha sürətlə istiləşdiyi üçün yanğın mövsümü daha uzun müddət davam edir. Meşə yanğınları Kanada və Rusiya kimi ölkələrə xüsusilə ağır təsiri olub.
Rusiya dünyada meşə yanğınlarının sayına görə liderdir. Keçən illə müqayisədə ölkədə meşə yanğınlarının sahəsi 31 faiz artaraq, təxminən 5,4 milyon hektara çatıb.