Accessibility links

Rusiyanın Ukrayna Atom Elektrik Stansiyasında raket atan qurğusunun olduğu deyilir


Ukraynanın dövlət nüvə enerjisi müəssisəsinin məlumatına görə, Rusiya Zaporijjye AES-də bir neçə "Qrad" reaktiv yaylım atəşi sistemi yerləşdirib.

Silahlar "6 saylı enerji blokunun yaxınlığında, stansiyanın işlənmiş nüvə yanacağının quru anbarının ərazisinin düz yanında yerləşdirilib ki, orada onlar daha öncə nüvə və radiasiya təhlükəsizliyinin təşkilinə dair bütün şərtlər pozularaq” gizli olaraq bəzi "mühafizə qurğuları" tikiblər" – deyə, şirkətdən bildiriblər.

Energoatom Rusiyanın elektrik stansiyasındakı buraxılış qurğuları ilə "böyük ehtimalla" "enerji bloklarının "örtüyü"ndən istifadə etməklə və nüvə yanacağı anbarını işlətməklə Dnepr çayının əks sahilini, xüsusən Nikopol və Marqanetsi atəşə tutmağa" hazırlaşdığını bildirib.

Energoatom qeyd edib ki, Rusiya Ukraynaya təcavüzünün "lap əvvəlindən" Zaporijjyedən "hərbi məqsədlər üçün" istifadə edir.

"Və bir daha biz stansiyanın daxilində və ətrafında onun tam demilitarizasiyası və işğaldan azad edilməsi üçün təhlükəsizlik zonasının yaradılmasına çağırırıq" – deyə, sözügedən qurum açıqlayıb.

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı gündəlik müraciətində bildirib ki, o, çərşənbə günü Rusiyanın Xerson vilayətində yerləşdirdiyi minalarda həyatını itirən dörd polis əməkdaşını ölümdən sonra fəxri adla təltif etmək üçün fərmanlar imzalayıb.

Dekabrın 8-də Rusiya və Ukrayna qüvvələri Ukraynanın kritik şərq və cənub bölgələrində iki ölkə arasında Moskvanın 10 aylıq müharibəsində ilhaq etməyə çalışdığı ərazilər uğrunda döyüşərkən hücumlar həyata keçirib.

Donetsk vilayətində bütün demarkasiya xətti boyunca döyüşlər gedir. Ukrayna rəsmisi deyib ki, cəbhə xəttində yerləşən Avdiivka şəhəri cümə axşamı səhər Rusiya tankları tərəfindən atəşə tutulub.

Ukraynanın Luhansk vilayətinin qubernatoru Serhiy Qayda Rusiyanın Bilohorivka kəndini ələ keçirməyə cəhd etmək üçün Lisıçansk şəhəri yaxınlığında daha çox qoşun yerləşdirdiyini və Rusiyanın hava hücumunun intensivləşdiyini bildirib.

"Onlar Bilohorivka ətrafında getdikcə daha çox ehtiyat gətirirlər. Mütəmadi hücumlar həyata keçirilir" – deyə, Qayday Ukrayna televiziyasına bildirib.

Putin çərşənbə günü deyib ki, müharibə "uzun proses" olacaq. Lakin o, sentyabrda Ukraynanın dörd vilayətinin indi Rusiyanın bir hissəsi olması ilə bağlı beynəlxalq mübahisəli iddialara istinad edərək Rusiyanın Ukrayna ərazisini ilhaq etməklə artıq coğrafi baxımdan böyüdüyünü qeyd edib.

XS
SM
MD
LG