Accessibility links

Kreml: “Putin “iş qrafiki” səbəbindən Qorbaçovun dəfn mərasimində iştirak edə bilməyəcək


Kremlin bildirdiyinə görə, Rusiya prezidenti Vladimir Putin iş qrafiki ilə əlaqədar bu həftənin əvvəlində vəfat etmiş sonuncu Sovet lideri Mixail Qorbaçovun dəfn mərasimində iştirak edə bilməyəcək.

Kremlin sözçüsü Dmitri Peskov cümə axşamı Moskvada jurnalistlərə deyib ki, Qorbaçovun dəfn mərasimi tam dövlət səviyyəsində keçirilməsə də, fəxri qarovul və adətən belə mərasimlərdə olan bəzi elementlər olacaq.

O, əlavə edib ki, Putin avqustun 30-da uzun sürən xəstəlikdən sonra 91 yaşında dünyasını dəyişdikdən sonra Soyuq Müharibənin sona çatmasına yardım göstərən insanla vidalaşmaq üçün səhər saatlarında onun cəsədinin olduğu Mərkəzi Klinik Xəstəxanaa gedib.

“Təəssüf ki, prezidentin iş qrafiki ona sentyabrın 3-də bunu etməyə [mərasimdə iştirak etməyə] imkan vermədiyi üçün, o bunu bu gün etmək qərarına gəlib” - deyə, Peskov bildirib.

Qorbaçovun qızı İrina Virqanskaya atasının dəfn mərasiminin sentyabrın 3-də Nikita Xruşovdan başqa bütün Sovet liderlərinin dəfn olunduğu tarixi İttifaq Evində keçiriləcəyini deyib.

Putinin dəfn mərasimində iştirak etməmək qərarı, “qlasnost” və “yenidənqurma” kimi tanınan, siyasi və iqtisadi dəyişikliklərə, Berlin divarının yıxılmasına, Almaniyanın yenidən birləşməsinə və nəticədə Sovet İttifaqının dağılmasına səbəb olduğuna görə Qərbin təriflədiyi bir insanın ölümünə Kremlin soyuq reaksiyasını vurğulayır.

Qorbaçovla münasibətləri gərgin olan Putin Sovet İttifaqının dağılmasını “[XX əsrin] ən böyük geosiyasi fəlakəti” adlandırıb.

Qorbaçov Putini bəzən demokratik islahatları ləngitdiyinə və yenidənqurmadan sonrakı Rusiyada daha çox Sovet dövründəki repressiya elementlərini tətbiq etdiyinə görə ehtiyatla tənqid etmişdi.

XS
SM
MD
LG