Accessibility links

Rusiyanın Kyivə raket hücumu nəticəsində 5 nəfər yaralanıb


Ukrayna rəsmiləri Rusiyanın bazar ertəsi Kyivə hücum zamanı ballistik raketlərdən istifadə etdiyini və nəticədə azı 5 nəfər yaralandığını bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, Rusiyanın atdığı hər iki raketi, eləcə də keçən gecə Mikolayiv və Odesada həyata keçirdiyi hücumlar zamanı istifadə etdiyi 9 pilotsuz təyyarədən 8-ni məhv edib.

Kyiv meri Vitali Kliçko deyib ki, vurulan raketlərdən düşən parçalar qeyri-yaşayış binasını dağıdıb və qonşuluqdakı yaşayış binalarının pəncərələrini zədələyib.

ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink Ukraynanın paytaxtında güclü partlayışların olduğunu bildirib.

Brink sosial şəbəkədə "Son 5 gündə Rusiya suveren ölkəyə qarşı yüzlərlə raket və pilotsuz uçuş aparatı atıb. Ukraynanın indi bizim yardımımıza ehtiyacı var. Bir dəqiqə belə itirilməməlidir" yazıb.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkənin hərbi yardımla bağlı son müraciətində "Rus alçaqlarının etməyəcəyi vəhşilik yoxdur" deyib.

"Bu, Ukraynanın təcili olaraq daha çox hava hücumundan müdafiə sistemlərinə, xüsusən də Rusiyanın istənilən hücumunu dəf edə bilən "Patriot" sistemlərinə və raketlərə ehtiyacı olduğunu xatırladır" - deyə, Kuleba sosial mediada bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü gecə saatlarında etdiyi videomüraciətində bildirib ki, Ukrayna Rusiyanın təkrar hava hücumları ilə üzləşdiyi üçün ölkəsinin hava hücumundan müdafiəsi "əhəmiyyətli dərəcədə gücləndirilməlidir".

Zelenski "Son bir həftə ərzində, bazar ertəsindən bu günə qədər rusiyalı terrorçular 190-a yaxın müxtəlif tipli raketdən və 140-a yaxın "Shahed" pilotsuz uçuş aparatından istifadə edib. Onlar həmçinin 700-ə yaxın idarə olunan hava bombası atıb. İki ildən çoxdur davam edən bu müharibədə Rusiyanın terrordan çəkindiyi həftə belə olmayıb" deyib.

Rusiya bazar ertəsi cənub-qərbindəki Rostov bölgəsində Ukraynaya məxsus pilotsuz təyyarənin hücumunun qarşısını aldığını, bölgədəki elektrik stansiyasında yanğının isə xidməti dayandırdığını bildirib.

Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin Ukrayna hücum zamanı istifadə etdiyi 11 pilotsuz təyyarəsinin hamısını vurduğunu bəyan edib.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev Telegram kanalında bildirib ki, Novoşerkassk elektrik stansiyasında yanğın olub və stansiyanın iki enerji blokunun müvəqqəti olaraq işi dayandırılıb.

Forum

XS
SM
MD
LG