Accessibility links

Rusiya Federasiyası Müdafiə Nazirliyi binasının damına zenit-raket sistemi yerləşdirilib


Moskvada Rusiya Federasiyası Müdafiə Nazirliyinin binasının damında "Pantsir-S1" zenit-raket sistemi yerləşdirilib. Bu barədə OSINT-in (Açıq Mənbə Kəşfiyyatı) analitiki Maykl Borovitz öz Twitter səhifəsində yazıb.

Rusiya Müdafiə Nazirliyinin damına yerləşdirilən qurğunun "Pantsir-S1" hava hücumundan müdafiə raket kompleksi olması faktını OSINT-in digər analitiki Oliver Aleksandr da təsdiqləyib.

Daha sonra "Moskva Calling" Telegram kanalı Moskvanın Teterinski zolağında inzibati binanın damında da zenit sisteminin quraşdırılmasının foto və videosunu yayıb.

Daha əvvəl moskvalılar Timiryazev Kənd Təsərrüfatı Akademiyasının tarlalarında və Moskvanın bir hissəsi olan Losini Ostrov parkının yaxınlığındakı Sokolnikidə S-400 zenit-raket komplekslərinin fotolarını çəkib. S-400-lər yaşayış binalarına kifayət qədər yaxın yerləşir.

Nə Rusiya Federasiyasının Müdafiə Nazirliyi, nə də Moskva hakimiyyət orqanları ehtimal olunan zenit sistemlərinin yerləşdirilmələri ilə bağlı rəsmi şərh verməyib.

Ukraynalı hərbi ekspert Mixail Jiroxovun fikrincə, bu, şəhərin real müdafiəsi üçün deyil, rusların militarist əhval-ruhiyyəsini "qızışdırmaq" üçün edilib və əgər silahlar həqiqi müdafiə üçün olsaydı, gizli şəkildə yerləşdirilərdi.

"Bu, vəziyyətin gərginləşməsinin bir hissəsi kimi daha çox ictimaiyyətə yönəlib. Burada heç bir hərbi məqam yoxdur. Adətən hava hücumundan müdafiəyə ehtiyac varsa, bu, gecələr edilir. Məsələn, Ukraynanın hava hücumundan müdafiə sistemlərinin harada yerləşdiyi bilinmir, bu, hərbi sirrdir. Bundan əlavə, [belə bir sistemi] yaxınlıqda və ya damda yerləşdirməyin heç bir hərbi əhəmiyyəti yoxdur" - deyə, Jiroxov bildirib.

XS
SM
MD
LG