Accessibility links

Aleksey Navalnıya qarşı yeni iddia qaldırılıb


Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnıya qarşı yeni iddia qaldırılıb. Bu barədə "Можем объяснить" teleqram kanalı məlumat yayıb. Onunla birlikdə tərəfdaşları İvan Jdanov, Lyubov Sobol, İlya Yaşin, Vladimir Milov və Navalnının Moskvadakı baş qərargahının keçmiş rəhbəri Oleq Stepanov da ittiham olunub.

İddianı iyulun 13-də Daxili İşlər Nazirliyinin Smolensk vilayəti üzrə idarəsi qaldırıb. “Şəxsən mən sənədləri görməmişəm. Lakin tamamilə aydındır ki, burada 2019-cu ilin mitinqlərindən bəhs edilir və Daxili İşlər Nazirliyi işçiləri, maşınlarına benzin və digər xərclər üçün pul yığmaq istəyir. Yəni onlar dinc etirazçıları dəyənəklə döydükləri üçün əlavə pul istəyirlər” - deyə, vəkil Vladimir Voronin iddianı şərh edib.

"Yəqin ki, 3 il olan məhdudiyyətin müddəti keçməkdədir, ona görə də müraciət ediblər. Deyəsən cüzi, 50 min rubl məbləğ var. Görünür 2019-cu ildə mitinqləri dağıtmaq üçün Smolensk polisi cəlb olunub. Lakin biz heç nə ödəməyəcəyik” deyə, İvan Jdanov "Biz izah edə bilərik"ə bildirib.

2019-cu ildən bəri ölkə boyu polis əməkdaşları Aleksey Navalnıya və onun tərəfdaşlarına qarşı oxşar iddialar qaldırıb. Məsələn, 2020-ci ilin iyulunda Moskva Daxili İşlər Nazirliyinin iddiası ilə Simonovski Məhkəməsi siyasətçidən və onun tərəfdaşlarından 8 milyon rubl alıb. Polis kütləvi aksiyalar zamanı vaxtından artıq işlədiklərinə görə ödəniş və avtomobillərinə yanacaq tələb edib.

2020-ci ilin avqustunda “Noviçok”la zəhərləndikdən və Berlində müalicə olunduqdan sonra Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanıb və həbs edilib.

Həbs edildikdən və hökmün dəyişdirilməsindən dərhal sonra Navalnı yenidən mühakimə olunub. O, Rusiya Federasiyası Konstitusiyasının dəyişdirilməsi üçün təbliğat videosunda rol alan veteran Artemenkoya qarşı böhtan atmaqda ittiham olunub. Siyasətçi bu videodakı iştirakçıları “korrupsionerlər” adlandırıb. Navalnıya cərimə kəsilib və məhkəmədən dərhal sonra veteranlara böhtan atdığına görə cinayət maddəsi sərtləşdirilib.

2022-ci ilin martında Navalnı Moskvanın Lefortovo Məhkəməsi tərəfindən 9 il həbs və cərimə cəzasına məhkum edilmiş və xüsusilə böyük miqyasda dələduzluqda təqsirli bilinmişdi. Məhkəmə müəyyən edib ki, Navalnı və onun FBK-dakı həmkarları qanunsuz olaraq ianə toplayıb və şəxsi ehtiyaclarına xərcləyiblər. Navalnı ittihamı rədd edib və işi siyasi adlandırıb.

Mayın 24-də Moskva Şəhər Məhkəməsi siyasətçinin hökmdən verdiyi şikayəti rədd edib və o, qanuni qüvvəyə minib. Yeni hökmə əsasən, Navalnı cəzasını ciddi rejimli koloniyada çəkməlidir.

XS
SM
MD
LG