Accessibility links

Rusiya şəhərlərində səfərbərliyə qarşı keçirilən nümayişlər zamanı 1300-dən çox insan həbs edilib


Çərşənbə günü polisin monitorinq qrupunun bildirdiyinə görə, Prezident Vladimir Putinin Ukraynada döyüşmək üçün Rusiyanın mülki əhalisinin qismən səfərbər olunması barədəki bəyanatına qarşı keçirilən nümayişlərdə 1300-dən çox insan həbs edilib.

"OVD-İnfo" monitorinq qrupu Putinin xalqa səhər müraciətindən sonra ölkənin 38 şəhərində keçirilən mitinqlərdə azı 1332 nəfərin saxlanıldığını bildirib.

Etirazlar fevralda Moskvanın Ukraynaya hərbi müdaxiləsini elan etdikdən sonra başlayan nümayişlərdən sonra Rusiyada keçirilən ən böyük etiraz aksiyası olub.

Rusiyanın paytaxtı Moskvanın mərkəzində olan France Press Agentliyinin (AFP) jurnalistləri bildiriblər ki, əsas ticarət küçəsində keçirilən etiraz aksiyası zamanı iğtişaş polisinin geyimindəki şəxslər tərəfindən azı 50 nəfər saxlanılıb.

France Press Agentliyinin müxbirləri Rusiyanın keçmiş imperiya paytaxtı Sankt-Peterburqda polisin kiçik bir qrup nümayişçini mühasirəyə aldığını, həbs edərək avtobusa doldurduqlarını görüb. Etirazçılar "Səfərbərliyə yox!" şüarları səsləndirib.

Sibir, Ural və Uzaq Şərq şəhərlərində də səfərbərliyə qarşı aksiyalar keçirilir.

Sibir.Realiy agentliyinin müxbirləri hadisə yerindən xəbər verirlər ki, insanlar həbslərdən qorxduqları üçün şəhərlərin mərkəzi meydanlarına şüarsız və plakatsız çıxır. Artıq azı 400 etirazçının həbs edildiyi məlum olub.

"Svet.Yekaterinburq" xəbər verib ki, Yekaterinburq şəhərində səfərbərliyə qarşı olan etirazçılar Əmək Meydanına toplaşıb. Meydana gələn polis əməkdaşları kütləyə 30 saniyə ərzində dağılışmağı əmr edib. Bundan sonra etirazçıların həbsləri başlayıb. Etirazçılardan bəziləri təhlükəsizlik qüvvələri tərəfindən asfalta yatırılıb.

SOTA agentliyi çərşənbə günü Ufa şəhərində təhlükəsizlik qüvvələrinin səfərbərliyə qarşı etiraz aksiyasında 30-a yaxın insanı həbs etdiyini bildirib.

"Novosibirsk Koalisiyası 2020" onlarla etirazçının Novosibirsk şəhərinin mərkəzi meydanına toplaşaraq "Müharibəyə yox!" şüarları səsləndirdiyini yazıb. Polis etirazçılara yaxınlaşaraq, dağılmalarını tələb edib. Etirazçılar təhlükəsizlik qüvvələrinə öz mövqelərini izah etməyə çalışsalar da, polis ən fəal etirazçıları həbs edib.

"Perm 36.6" şərşənbə günü Perm şəhərində səfərbərliyə qarşı etiraz aksiyalarına görə 20-dən çox etirazçının həbs edildiyini bildirib.

Bu həftə Rusiyadan uçuşlar demək olar ki, tam bron edilib. Aviaşirkət və səyahət agentliklərinin məlumatları münaqişəyə qoşulmaq istəməyən insanların açıq şəkildə qaçdığını göstərib.

XS
SM
MD
LG