Vladimir Putin siyasi rəqiblərini məhv etdikdən, Ukraynada dağıdıcı müharibəyə başladıqdan və bütün hakimiyyəti əlində cəmlədikdən sonra çərşənbə axşamı Kremldə inauqurasiya mərasimində Rusiya lideri kimi altı il müddətinə beşinci dönəm prezidenliyə başladı.
Kremlin təxminən 25 il və İosif Stalindən bəri ən uzun müddət hakimiyyətdə qalan lideri olan Putinin yeni səlahiyyət müddəti konstitusiyaya görə onun yenidən prezident seçilmək üçün yarışa biləcəyi 2030-cu ildə başa çatır.
Qızılı rənglə bəzədilmiş Böyük Kreml Sarayında keçirilən mərasimdə Putin əlini Rusiya Konstitusiyasının üzərinə qoydu və onu müdafiə edəcəyinə söz verdi.
1999-cu ilin son günlərində prezident Boris Yeltsini əvəz etdiyi vaxtdan bəri Putin Rusiyanı iqtisadi tənəzzüldən çıxan bir ölkədən qlobal təhlükəsizliyi təhdid edən təcrid edilmiş dövlətə çevirib.
İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük münaqişə olan 2022-ci ildə Ukraynaya hərbi müdaxilənin ardınca Rusiya Qərbin sərt sanksiyalarına məruz qalıb və Çin, İran və Şimali Koreya kimi digər rejimlərdən dəstək axtarır.
İndi sual 71 yaşlı Putinin növbəti 6 il ərzində həm ölkə daxilində, həm də xaricdə nə edəcəyidir.
Kyiv canlı qüvvə və sursat çatışmazlığı ilə mübarizə apararkən, Rusiya qüvvələri Ukraynada hər şeyi dağıtmaq taktikası tətbiq edərək, mövqelərini möhkəmlədir. Hər iki tərəf ağır itkilər verir.
Ukrayna əsasən sərhəd bölgələri olmaqla, pilotsuz təyyarələr və raketlərlə döyüşləri Rusiya torpaqlarına gətirir. Fevral ayında etdiyi çıxışında Putin Moskvanın Ukraynada məqsədlərinə çatacağına və "suverenliyimizi və vətəndaşlarımızın təhlükəsizliyini müdafiə etmək" üçün lazım olanı edəcəyinə söz verib.
Mart ayında planlı şəkildə seçildikdən qısa müddət sonra Putin NATO ilə Rusiya arasında qarşıdırmanın mümkün olacağını və ölkəsini trans-sərhəd hücumlardan qorumaq üçün Ukraynada bufer zona yaratmaq istədiyini bəyan etdi.
Ölkə daxilində Putinin populyarlığı adi rusiyalıların həyat səviyyəsinin yaxşılaşması ilə sıx bağlıdır.
O, 2018-ci ildə səlahiyyət müddətinə Rusiyanı qlobal səviyyədə iqtisadi baxımdan irəlidə olan ilk beşliyə daxil edəcəyini vəd edərək, ölkənin "müasir və dinamik" olacağını vəd edib. Əvəzində Rusiya iqtisadiyyatı müharibə vəziyyətinə düşüb və hakimiyyət müdafiəyə rekord məbləğdə vəsait xərcləyir.
Təhlilçilər deyirlər ki, Putinin hakimiyyətdə daha 6 ili təmin etdikdən sonra hökumət müharibəni maliyyələşdirmək üçün vergiləri artırmaq və daha çox kişinin orduya qoşulmaq üçün təzyiq göstərmək üçün qeyri-populyar addımlar ata bilər.
Adətən yeni müddətin əvvəlində Rusiya hökuməti buraxılır ki, Putin yeni baş nazir və Nazirlər Kabinetini təyin edə bilsin.
Forum