Accessibility links

Putin Rusiyanın ehtiyatda olan hərbçilərinin qismən səfərbər olunduğunu bəyan edib


Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü Ukraynanın şimal-şərqində əks-hücum əməliyyatında Ukraynanın qazandığı uğurların ardınca ölkəsinin ehtiyatda olan hərbçilərin qismən səfərbər olunduğunu bəyan edib.

Putin televiziya ilə çıxışında səfərbərliyin vətəni və Rusiyanın suverenliyini qorumaq üçün lazım olduğunu deyib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu orduya ehtiyatda olan 300 min hərbçinin çağırılacağını bildirib.

Putin deyib ki, Qərb Rusiyanı zəiflətməyə və məhv etməyə çalışır. O, ölkəsi "Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcək" deyib.

O həmçinin Rusiyanın Ukraynaya artıq yeddi aydır davam edən müdaxiləsinin məqsədinin Ukraynanın şərqindəki Donbas regionunu "azad etmək" olduğunu təkrar edərək, oradakı insanların Ukraynanın bir hissəsi olmaq istəmədiklərini bildirib.

Donbasın Moskvanın nəzarətində olan Luhansk və Donetsk vilayətlərinin separatçı liderləri çərşənbə axşamı bildiriblər ki, onlar bu həftənin sonundan etibarən ərazilərin Rusiyanın bir hissəsi kimi elan edilməsi üçün səsvermə keçirməyi planlaşdırır.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın bu yeni referendum keçirmək cəhdini "saxta" adlandıraraq, rədd edib.

"Cəbhə xəttindəki vəziyyət açıq şəkildə təşəbbüsün Ukraynaya məxsus olduğunu göstərir. Mövqelərimiz səs-küyə və ya hər hansı elana görə dəyişmir. Və biz bu işdə tərəfdaşlarımızın tam dəstəyindən istifadə edirik" - deyə, Zelenski gecə müraciətində bildirib.

Çox sayda rusdilli əhalinin yaşadığı bölgədə referendum səsverməsi çox güman ki, Moskvanın xeyrinə olacaq.

Lakin ərazinin Rusiyanın bir hissəsi olması ilə bağlı hər hansı bir bəyanat nə Ukrayna, nə də Moskvanın yeddi aylıq işğalını dayandırmaq üçün Kyiv hökumətini milyardlarla dollarlıq silahla təmin edən ABŞ və onun Qərb müttəfiqləri tərəfindən tanınacaq.

Ağ Ev Rusiyanın referendumlarla bağlı planlarını dərhal rədd edərək, bunun Moskvanın döyüş cəbhəsindəki son məğlubiyyətlərindən sonra bölgəyə qoşun toplamaq cəhdi ola biləcəyini deyib.

Prezident Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, referendumlar suverenlik və ərazi bütövlüyü prinsiplərini pozur, çünki sözü gedən torpaqlar Ukraynanın bir hissəsidir. O, Baydenin çərşənbə günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı Ukraynaya qarşı müharibəyə görə Rusiyanı "sərt şəkildə qınayacağını" bildirib.

NATO-nun Baş katibi Yens Stoltenberq "saxta referendumların heç bir legitimliyi yoxdur və Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin xarakterini dəyişmir. Bu, Putinin müharibəsində daha bir eskalasiyadır. Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn belə açıq şəkildə pozulmasını pisləməli və Ukraynaya dəstəyi artırmalıdır" deyib.

XS
SM
MD
LG