Accessibility links

Rusiya sərhəddə Ukraynanın 15 dronunu vurduğunu bildirib


Rusiyanın Müdafiə Nazirliyi çərşənbə günü Ukraynanın 15 dronu və səkkiz raketini məhv etdiyini bildirib. Rusiyanın Ukrayna ilə sərhəd bölgəsində rəsmilər isə deyib ki, Ukraynanın dron hücumu nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Belqorod bölgəsinin qubernatoru Vyaçeslav Qladkov deyib ki, ilkin məlumatlara əsasən, hücum nəticəsində maşında olan bir kişi ölüb, bir neçə başqa insan yaralanıb.

Qladkovun dediyinə görə, bir başqa dron ağaca dəyib, partlayış dalğası iki binaya ziyan vurub, amma xəsarət alan olmayıb.

Rusiyanın Müdafiə Nazirliyi dronlardan 12-ni Belqorod bölgəsi, 3-nü isə Rusiyanın qərbindəki Kursk bölgəsi üzərində vurub.

Ukraynanın şərqində Xarkiv bölgəsinin qubernatoru Oleh Sınehubov Rusiyanın raket zərbəsi barədə məlumat verib.

Sınehubov deyib ki, hücum nəticəsində ölən olmayıb.

Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü bildirib ki, Moskva suverenliyi və ya müstəqilliyi təhdid altında olduğu təqdirdə, nüvə silahlarından istifadə etməyə hazırdır. O, ABŞ-a bir daha xəbərdarlıq edib ki, Ukraynaya döyüşmək üçün qoşun göndərsə, bu, münaqişənin böyük eskalasiyası hesab olunacaq.

Putin dövlət televiziyasına müsahibədə deyib ki, Rusiyanın Ukraynada iki ildir davam edən hərbi müdaxiləsində nüvə silahlarından istifadəyə ehtiyac olmayıb və o, dünyanın nüvə qarşıdurmasına doğru getdiyinə inanmır. O, ABŞ Prezidenti Co Baydeni nüvə müharibəsinin təhlükəsini başa düşən təcrübəli siyasətçi adlandırıb.

Ancaq Putinin bu sözləri onun Qərbə Ukraynada ələ keçirdiyi torpaqları qorumaq niyyətində olduğuna və “Rusiya dövləti, bizim suverenliyimiz və müstəqilliyimizə” təhlükə olduğu təqdirdə nüvə silahlarından istifadə etməyə hazır olduğuna dair mesajlarından biridir.

“Bütün bunlar bizim strategiyamızda yazılıb, biz onu dəyişməmişik” , o deyib.

Putin həmçinin Kyivi dəstəkləyən NATO müttəfiqlərinə istinad edərək, bəyan edib ki, “Rusiyaya dair qırmızı xəttlərinin olmadığını deyən ölkələr dərk etməlidir ki, Rusiyanın da onlarla bağlı qırmızı xəttləri olmayacaq.”

O həm də deyib ki, ABŞ-da “Rusiya-Amerika münasibətləri və strateji təmkin sahələrində kifayət qədər müttəxəssis var. Ona görə də mən burada hər şeyin [nüvə qarşıdurmasına doğru] getdiyini düşünmürəm, amma biz buna hazırıq.”

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Vatson deyib ki, “Rusiyanın nüvə ritorikası münaqişə boyu ehtiyatsız və məsuliyyətsizdir. Ukraynanı təxribat və əsaslandırma olmadan vəhşicəsinə işğal edən Rusiyadır və biz Ukraynanı dəstəkləməyə davam edəcəyik, çünki onlar öz xalqını və suveren ərazilərini Rusiyanın təcavüzündən qoruyurlar”.

Ağ Evin yüksək vəzifəli rəsmisi deyib ki, “Bizim anladığımız qədər cənab Putin Rusiyanın suverenliyi təhlükə altına düşərsə, nüvə silahından istifadə edəcəklərinə dair nüvə doktrinasını təkrarlayırdı. Ona görə də bu, onlar üçün yeni mövqe deyil. Biz öz nüvə mövqeyimizi dəyişdirmək üçün heç bir səbəb görməmişik, nə də Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair hər hansı əlamət görməmişik”.

Bayden dəfələrlə bildirib ki, ABŞ Kyiv qüvvələri ilə birlikdə döyüşmək üçün ABŞ qoşunlarını göndərmək niyyətində deyil, baxmayaraq ki, Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda Qərb qoşunlarının dalana dirənmiş və sonu görünməyən münaqişəyə qoşulma ehtimalını istisna etməyib.

Forum

XS
SM
MD
LG