Accessibility links

Leninqrad vilayətinin hərbi komissarlıq binasına "Molotov kokteyli" atan 16 yaşlı yeniyetmə həbs edilib


Molotov kokteyli
Molotov kokteyli

"Rosqvardiya"nın əməkdaşları fevralın 28-də axşam saatlarında Leninqrad vilayətinin Kirovsk şəhərindəki hərbi komissarlıq binasına "Molotov kokteyli" atan 16 yaşlı yeniyetmənin həbs edildiyini bildirib.

Təhlükəsizlik əməkdaşlarının sözlərinə görə, yeniyetmənin hərbi komissarlığa atdığı "Molotov kokteyli" butulkası sınıb, lakin alovlanmayıb. Hərbi komissarlığın mühafizəçisinin "Rosqvardiya"nın şəxsi mühafizə dəstəsini və polisi çağırdığı və yeniyetmənin həbs edildiyi bildirilib.

"47news" portalının məlumatına görə, saxlanılan şəxs Sankt-Peterburqdakı 166 nömrəli gimnaziyanın onuncu sinif şagirdidir. Portal təhlükəsizlik qüvvələrinin əlində yanacaq kanistri olan gənc oğlanın hərbi komissarlığın girişindən 100 metr aralıda, avtobus dayanacağının arxasında gizlənərkən həbs etdiyini yazıb. 16 yaşlı məktəbliyə qarşı "xuliqanlıq" maddəsi ilə cinayət işi açılması gözlənilir.

Rusiya ordusunun Ukraynaya genişmiqyaslı hücumu başlayandan bəri Ryazan, Voronej, Omsk, Rostov, Moskva və İvanovsk da daxil olmaqla, Rusiyanın 50-dən çox hərbi komissarlığını yandırma cəhdi edilib. Bir neçə rayonda cinayət işi açılıb.

Rusiya Baş Qərargahlar İdarəsi hərbi komissarlıqların yandırılması hallarının terror aktı kimi qiymətləndiriləcəyini və 15 ilə qədər həbs cəzası veriləcəyini bildirib.

XS
SM
MD
LG