Accessibility links

Rusiya Ukraynanın qərbində elektrik stansiyalarına zərbələr endirib


Rusiya qüvvələri martın 29-na keçən gecə Ukraynaya raket və pilotsuz təyyarələrlə hücum edib. "Ukrenerqo"-nun xəbər verdiyinə görə, kütləvi zərbələr nəticəsində Ukraynanın qərbində və mərkəzində elektrik stansiyaları zədələnib.

Dnepropetrovsk vilayətində elektrik enerjisi kəsilmələri, Xarkiv vilayətində isə saatlıq fasilələr tətbiq edilib. Digər təfərrüatlar verilməyib.

Dnepropetrovsk vilayəti hərbi administrasiyasının rəhbəri Serhiy Lısak bir sıra mühüm infrastruktur obyektlərinin hücuma məruz qaldığını bildirib. Kamenski rayonunda bir neçə ev dağıdılıb və zədələnib. Beş yaşlı qız da daxil olmaqla, 5 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Ukraynanın energetika naziri German Qaluşenkonun dediyinə görə, bu, ölkənin enerji sisteminə növbəti kütləvi hücumdur. O, bu dəfə Dnepropetrovsk, Poltava və Çerkası vilayətlərindəki obyektlərə hücum edildiyini bildirib. O yazıb ki, hücumların hədəfi elektrik enerjisi istehsal edən obyektlər olub.

Partlayışların Xmelnitski, Lviv və İvano-Frankivsk vilayətlərində də baş verdiyi bildirilib.

Polşa Silahlı Qüvvələrinin komandanlığı Rusiyanın Ukraynaya raket hücumu ilə əlaqədar gecə saatlarında hərbi təyyarələrini səmaya qaldırdığını bəyan edib.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, martın 29-na keçən gecə Ukrayna səmasında 58 "Şahed" tipli pilotsuz uçuş aparatı və 26 Rusiya raketi vurulub.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hesabatına görə, Rusiya hərbçiləri ümumilikdə 99 hava hücumu silahından istifadə edib. Onlardan 60-ı pilotsuz uçuş aparatı, həmçinin vurula bilməyən 3 aeroballistik "Kinjal" raketi və iki ballistik "İskəndər-M" raketi olub.

Ukrayna Silahlı Qüvvələrinin bildirdiyinə görə, 9 idarə olunan "Kh-59" raketlərdən 5-i, 4 "İsgəndər-K" qanadlı raketi və 21 "Kh-101/Kh-555" qanadlı raketlərdən 17-si vurulub.

Rusiya ordusu hələlik hücumlarla bağlı açıqlama verməyib.

Ukraynanın müdafiə naziri Rüstəm Umerov cümə axşamı NATO-Ukrayna Şurasının növbədənkənar iclasında Rusiyanın Ukrayna ərazisindəki hədəflərə endirdiyi zərbələrin 97 faizinin mülki infrastruktura yönəldiyini deyib.

Umerov Facebook səhifəsində "Rusiyaya məxsus bu raketlərin, dronların və idarə olunan bombaların yalnız üç faizi hərbi hədəfləri vurub" yazıb.

Forum

XS
SM
MD
LG