Accessibility links

Rusiya ordusu Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirib


Çernobıl Atom Elektrik Stansiyası
Çernobıl Atom Elektrik Stansiyası

Rusiya ordusu Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müşaviri Alena Şevtsova məlumat verib.

"Ruslar Çernobıl stansiyasını ələ keçiriblər. Stansiya işçiləri girov saxlanılır", o yazıb.

Daha öncə Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirməyə çalışdığını bildirmişdi. O, bu barədə Twitter səhifəsində yazmışdı.

"Müdafiəçilərimiz 1986-cı il faciəsinin bir daha təkrarlanmaması üçün canlarını verir. Mən bu barədə İsveçin baş nazirinə məlumat verdim. Bu, bütün Avropaya müharibə elanı deməkdir" - deyə, Zelenski bildirib.

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenkonun daha əvvəl bildirdiyinə görə, hərbçilər Belarus ərazisindən Çernobıl Atom Elektrik Stansiyasının zonasına daxil olub.

Geraşenko "Radioaktiv tullantılarının olduğu anbarı qoruyan Milli Qvardiya düşmənlə döyüşə girib. Əgər işğalçıların artilleriya zərbələri nəticəsində nüvə tullantılarının anbarı məhv olarsa, o zaman radioaktiv toz Ukrayna, Belarus və Avropa İttifaqı ölkələrinin ərazilərini bürüyə bilər” yazıb.

Fevralın 24-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Ukraynanın “nazifikasiyası və demilitarizasiyası” üçün “xüsusi hərbi əməliyyata” başlanıldığını elan edib.

Bundan dərhal sonra Kyiv, Xarkiv, Odessa, Kramatorsk, Berdyanskda partlayışlar və raket hücumları barədə xəbərlər gəlməyə başladı. Rusiya qoşunları Ukraynanın 5 rayonunda sərhədi keçib.

Ukrayna prezidenti Vladimir Zelenski bütün Ukraynada hərbi vəziyyət elan edib. Ukrayna Rusiya ilə bütün diplomatik əlaqələrini kəsib və hava məkanını bağlayıb.

Kyiv, Dnepr və Çerkassk vilayətində komendant saatı elan edilib. Ukrayna hərbçiləri və mülki vətəndaşlar arasında ölənlər və yaralananların olduğu bildirilir.

XS
SM
MD
LG