Accessibility links

Rusiya Talibanı terrorçu qruplaşmalar siyahısından çıxarmağa hazırlaşır


Arxivotosu - Rusiya Xarici İşlər Nazirliyinin Asiya üzrə ikinci şöbəsinin direktoru Zamir Kabulov (solda) Moskvada Talibanın nümayəndə heyəti ilə görüşür
Arxivotosu - Rusiya Xarici İşlər Nazirliyinin Asiya üzrə ikinci şöbəsinin direktoru Zamir Kabulov (solda) Moskvada Talibanın nümayəndə heyəti ilə görüşür

Rusiyanın yüksək səviyyəli diplomatının bildirdiyinə görə, Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Əfqanıstan hökumətinə rəhbərlik edən Talibanın Rusiyanın terror təşkilatları siyahısından "çıxarıla biləcəyinə" dair təkliflərini Vladimir Putinə təqdim edib.

Rusiya Xarici İşlər Nazirliyinin Asiya üzrə ikinci şöbəsinin direktoru Zamir Kabulov bazar ertəsi Rusiyanın TASS dövlət xəbər agentliyinə deyib ki, "Taliban hərəkatının terror təşkilatları siyahısından çıxarılması Moskvaya Əfqanıstan hökumətini tanıyıb-tanımamaq barədə qərar verməyə imkan verəcək".

"Bu olmadan [Talibana qoyulan qadağa aradan qaldırılmadan] tanınma haqqında danışmaq vaxtından əvvəl olacaq. Ona görə də bu məsələ ilə bağlı işlər davam edir. Bütün mülahizələrlə bağlı Rusiyanın ali rəhbərliyinə məlumat verilib. Biz qərar gözləyirik" - deyə, o, məsələyə aydınlıq gətirib.

TASS-ın bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrova istinadən verdiyi məlumata görə, Taliban Əfqanıstanda "əsl qüvvədir" və qrupun Moskvanın qadağan olunmuş təşkilatlar siyahısından çıxarılmasının mümkünlüyü "obyektiv reallığı" əks etdirir.

Rusiya 2003-cü ildə radikal qrup Əfqanıstanda ABŞ və onun müttəfiq qüvvələrinə qarşı vuruşanda Talibanı rəsmən terror təşkilatı elan etmişdi.

Taliban üsyançıları 2021-ci il avqustun 15-də hakimiyyətə qayıdıb və ABŞ-ın başçılıq etdiyi xarici qüvvələrin Əfqanıstandan çıxarılmasından sonra tamamilə kişilərdən ibarət Taliban hökuməti yaradıb.

Heç bir ölkə Talibanı əsasən insan hüquqları ilə bağlı problemlər, eləcə də terror fəaliyyətlərinə görə Əfqanıstanın qanuni hökuməti kimi rəsmi olaraq tanımayıb.

Bununla belə, Taliban hakimiyyəti ələ keçirdikdən sonra bir sıra qonşu ölkələr, o cümlədən Rusiya da Əfqanıstanda səfirliklərini saxlayıb və Taliban hökumətinə öz ərazilərində Əfqanıstan səfirliklərinin fəaliyyət göstərməsinə faktiki olaraq icazə verib.

Kabulov qeyd edib ki, hakimiyyəti ələ keçirdikdən sonra Taliban "tanınmaq üçün uzun bir yol keçib".

"Lakin hələ də aradan qaldırılmalı olan bir sıra maneələr var. Rusiya rəhbərliyi bundan sonra qərar qəbul edəcək" - deyə, o, təfərrüatlara varmadan bildirib.

Rusiya mediası həmçinin rusiyalı diplomata istinadən xəbər verib ki, Rusiya hökuməti iyunun 5-8-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün Talibana dəvət göndərib.

Vaxtilə Qərbin aparıcı iş adamları və menecerlərinin, eləcə də London və Nyu-Yorkdan olan investisiya bankirlərinin iştirak etdiyi tədbir 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya təcavüzündən sonra xeyli dəyişib.

Moskva və beynəlxalq ictimaiyyət bundan əvvəl Talibanı müharibədən əziyyət çəkən ölkəni siyasi inklüziv hökumət vasitəsilə idarə etməyə, əfqan qadınlarının təhsil və işləmək imkanlarına qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Forum

XS
SM
MD
LG