Accessibility links

Rusiya, Türkiyə və İran Yəmən husilərinə qarşı hücumları pisləyib


Cümə axşamı ABŞ və Britaniya qüvvələrinin Yəməndə İranın dəstəklədiyi husilərə qarşı cavab hücumları beynəlxalq ictimaiyyətin həm dəstəyinə, həm də qınağına səbəb olub. Cavab hücumları Qırmızı dənizdə husilərin gəmilərə qarşı həftələrlə davam etdirdiyi hücumlarından sonra həyata keçirilib.

Adının açıqlanmasını istəməyən ABŞ Müdafiə Nazirliyi rəsmilərinin bildirdiyinə görə, ABŞ və Britaniyanın hücumları döyüş təyyarələri, suüstü gəmilər və sualtı qayıqlardan həyata keçirilib. Hücumlar Avstraliya, Kanada, Niderland və Bəhreynin yardımı ilə olub.

NATO sözçüsü bəyanatında bildirib ki, "zərbələr müdafiə xarakteri daşıyıb və dünyanın ən vacib su yollarından birində naviqasiya azadlığını qorumaq üçün nəzərdə tutulub".

Husi üsyançıları husi ordusunun sözçüsü Yəhya Sarinin video bəyanatını yayımlayıb. O, həyata keçirilən hücumları "vəhşicəsinə təcavüz" adlandıraraq, ABŞ və Britaniyanın "İsrailin Qəzzadakı cinayətlərinin davam etdirilməsinə" dəstəyinin bir hissəsi olduğunu deyib. Onun sözlərinə görə, hücumlar nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Düşmən Amerika və Britaniya Yəmən xalqımıza qarşı cinayətkar təcavüzünə görə tam məsuliyyət daşıyır və bu, cavabsız və cəzasız qalmayacaq" - deyə, Sari bildirib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani verdiyi açıqlamasında ABŞ və Britaniyanın zərbələrini sərt şəkildə tənqid edərək, bunun Yəmənin suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə pozan, beynəlxalq qanunlara zidd olan "bilərəkdən atılan addım" olduğunu deyib.

NATO-nun müttəfiqi Türkiyənin prezidenti Rəcəp Tayyib Ərdoğan İsrailin Qəzzada etdiyi kimi zərbələri də "qeyri-mütənasib güc tətbiqi" adlandırıb. O, ABŞ və Britaniyanı "Qırmızı dənizi qan dənizinə çevirmək" cəhdində və bu ölkələri regionda gərginliyi artırmaqda ittiham edib.

Rusiya da hücumları pisləyib. Kremlin sözçüsü Dmtri Peskov zərbələri "qeyri-qanuni" adlandırıb, ABŞ və Britaniyanı “beynəlxalq hüquq sistemini öz hərəkətlərinə uyğunlaşdırmağa çalışmaqda” ittiham edib.

Forum

XS
SM
MD
LG