Accessibility links

Rusiya prezidenti: Qarabağ problemində ümidverici addımlar atılıb


Bu gün Ankarada Türkiyə və Rusiya prezidentləri Abdulla Gül və Dmitri Medvedevin görüşündə Qarabağ mövzusu və bütünlükdə Cənubi Qafqazda vəziyyət müzakirə mövzusu olub

Bu gün Ankarada Türkiyə və Rusiya prezidentləri Abdulla Gül və Dmitri Medvedevin görüşündə Qarabağ mövzusu və bütünlükdə Cənubi Qafqazda vəziyyət müzakirə mövzusu olub.
Rusiya prezidentinin fikrincə, son vaxtlar Qarabağ nizamlanması istiqamətində “ümidverici” addımlar atılıb. “Əlbəttə, Qarabağ münaqişəsi problemli mövzudur. Lakin bu, regionun yeganə problemi deyil. Qarabağ nizamlanması məsələsində son vaxtlar ümidverici addımlar atılıb. Vəziyyət qiymətləndirilir və bu istiqamətdə irəliləyişlər var”, - deyə Türkiyənin “Hürriyyət” qəzeti Medvedevdən sitat gətirir.
Rusiya prezidenti həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını arzulayıb. “Proses pis getmir. Tərəflərin qarşılıqlı anlayış əldə edəcəyinə ümid edirik. Bu prosesi izləyir və dəstəkləyirik. Bu istiqamətdə əlimizdən gələni əsirgəməyəcəyik”, deyə cənab Medvedev bildirib.
Prezidentlər həmçinin İranın nüvə proqramını, qaz sahəsində əməkdaşlıq məsələsini, Yaxın Şərqdə vəziyyəti müzakirə ediblər.
Türkiyə və Rusiya arasında vizasız rejim haqqında saziş imzalanıb. Bundan sonra iki ölkə vətəndaşları 30 gün ərzində bir-birinin ərazisinə vizasız səfər edə biləcəklər.

Politoloq Qabil Hüseynli “Amerikanın səsi” radiosuna müsahibəsində Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə təsirinin yüksək olmadığını deyib. Onun fikrincə, Cənubi Qafqaz regionundakı münaqişələri Rusiya yaradıb və hazırda da bundan təsir mexanizmi kimi istifadə edir. “Amma Türkiyə ilə Rusiyanın reallaşdıracağı çox böyük iqtisadi layihələr siyasi proseslərdə xoş əhval-ruhiyyənin yaranmasına təsir edə bilər”, - deyə o qeyd edib.

Cənab Hüseynli iki dövlət arasında vizasız qarşılıqlı gediş-gəliş barədə razılaşmanın əldə edilməsini müsbət qiymətləndirir. “Bu razılaşma Azərbaycanın da Türkiyə ilə vizasız gediş-gəliş barədə razılaşmasına yol açıb. Yəqin ki, Türkiyə baş nazirinin mayın 16-da Azərbaycana səfəri zamanı bu razılaşma imzalanacaq”.

XS
SM
MD
LG