Accessibility links

Rusiya mülki əhaliyə qarşı hücumlarını davam etdirir


Ukrayna hərbçiləri və regional rəsmilərin martın 7-də bildirdiklərinə görə, Rusiyanın Ukraynanın mülki ərazilərinə fərq qoymadan zərbələr endirməkdə davam etməsi insan tələfatına və maddi ziyana səbəb olub.

Region rəsmiləri Qara dənizin liman şəhəri Odesanın yenidən Rusiya raketi ilə hədəf alındığını, Ukraynanın dörd bölgəsində atışmalar nəticəsində azı 2 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını bildirib.

Xarkiv vilayətinin qubernatoru Oleh Sinehubov Rusiyanın Borova kəndinə "İskəndər-M" raketi ilə hücumu nəticəsində 70 yaşlı bir kişinin öldüyünü, 5-i uşaq olmaqla, 8 mülki vətəndaşın yaralandığını bildirib.

Donetsk vilayətinin qubernatoru Vadim Filaşkinin bildirdiyinə görə, Rusiyanın Netayloveyə hücumu nəticəsində bir nəfər ölüb, daha üç nəfər yaralanıb. Xerson vilayətinin qubernatoru Oleksandr Prokudin bölgədə Rusiyanın hücumu nəticəsində 4 nəfərin yaralandığını bildirib.

Vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorovun dediyinə görə, martın 6-da Rusiyanın Zaporijye vilayətinin cənubunda yerləşən Bilenka kəndinə artilleriya atəşi nəticəsində bir nəfər yaralanıb.

Ukrayna ordusu bildirib ki, Rusiya çox guman ki, ballistik raketdən istifadə edərək, Odesanın liman infrastrukturuna zərbə endirib.

Bugünkü zərbə Rusiyanın Odesaya səfər edən Ukrayna prezidenti Volodimir Zelenski və Yunanıstanın baş naziri Konstantin Mitsotakisdən 500-800 metr aralıya atdığı və bir neçə nəfərin həlak olduğu raket hücumundan bir gün sonraya təsadüf edib.

Bölgə qubernatoru Oleh Kiper martın 7-də Telegram kanalında hücum zamanı "ölən və yaralananların" olduğunu bildirsə də, onların sayı barədə məlumat verməyib.

Bu arada Rusiya Müdafiə Nazirliyi martın 7-də Rusiyanın üç bölgəsində Ukraynanın altı pilotsuz təyyarəsini məhv etdiyini bildirib.

Rusiyanın dediyinə görə, bir pilotsuz təyyarə Kursk vilayəti üzərində, üçü Bryansk vilayəti üzərində, ikisi isə Tula vilayətində məhv edilib. Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Forum

XS
SM
MD
LG