Accessibility links

Avstriya lideri ilə Putin arasında danışıqlar “sərt” keçib


Avstriya kansleri Karl Nehammer
Avstriya kansleri Karl Nehammer

Avstriya kansleri Karl Nehammer Moskvanın Ukraynaya əsassız hərbi müdaxiləsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə “birbaşa, açıq və sərt” danışıqlar apardığını bildirib.

Nehammerin ofisinin açıqladığı bəyanatda aprelin 11-də Rusiya paytaxtında bir saatdan çox davam edən görüşün “dostluq görüşü” olmadığı bildirilib.

“Mən Buça və digər yerlərdə törədilən ağır hərbi cinayətlərdən bəhs etdim və məsuliyyət daşıyanların ədalət qarşısına çıxarılmalı olduqlarını vurğuladım” - deyə, Nehammer bəyanatında bildirib.

Sübutların artmasına baxmayaraq, Rusiya Ukraynaya qarşı müharibədə mülki vətəndaşları hədəf aldığını inkar edir.

Bu həftə Kyivin şimal-şərqində Rusiya işğalçılarından geri alınan Buça şəhərinin küçələrində qətlə yetirilən dinc sakinlərin dəhşətli görüntüləri nümayiş etdirilib. Yerli rəsmilər təkcə Buçada Rusiya qüvvələri tərəfindən 300-dən çox insanın öldürüldüyünü və onlardan 50-yə yaxınının edam edildiyini bildirib. Cəsədlərin bəzilərinin əlləri arxadan bağlı olub.

Ukrayna prezidenti Volodimir Zelenski qətlləri “müharibə cinayətləri” və “soyqırım” adlandırıb. Qərb ölkələri qətllərə reaksiya olaraq, ittihamları rədd edən Rusiyaya qarşı sanksiyaları gücləndirib.

Rusiyanın fevralın 24-də başladığı müharibə Qərbi Putinə, onun ailəsinə, ətrafındakılara və bütövlükdə ölkəyə qarşı sarsıdıcı sanksiyalar tətbiq etməyə sövq edib.

Nehammerin bəyanatında deyilir ki, Avstriya kansleri “prezident Putinə açıq şəkildə Ukraynada insanlar ölməyə davam etdikcə sanksiyaların qalacağını və daha da gücləndiriləcəyini deyib”.

Kansler həmçinin “mühasirəyə alınmış şəhərlərə su və ərzaq çatdırılması, qadın, uşaq və yaralıları çıxarmaq üçün” humanitar dəhlizlərə "təcili" ehtiyac barədə xəbərdarlıq edib.

"Mən indi söhbət haqqında avropalı tərəfdaşlarımızı məlumatlandıracağam və gələcək addımları müzakirə edəcəyəm", o bildirib.

XS
SM
MD
LG