Accessibility links

Rusiya Belqorod bölgəsinin intensiv atəşə tutulması səbəbindən yüzlərlə uşağı təxliyə etdiyini bildirib


Rusiya Belqorod bölgəsinin intensiv atəşə tutulması səbəbindən yüzlərlə uşağı kəndlərdən təxliyə etdiyini bildirib. Kreml vəziyyətin narahatlıq doğurduğunu bəyan edib.

Ukraynaya təcavüzündən bir ildən çox vaxt keçdikdən sonra Rusiya indi öz ərazisinə hücumların intensivləşdiyini müşahidə edir. Buraya keçən həftə Belqorodun cənub bölgəsinə hücum və çərşənbə axşamı Moskvaya pilotsuz təyyarə hücumları daxildir.

Regionun qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib ki, hakimiyyət sərhədyanı Şebekino və Qrayvoron rayonlarından uşaqları təxliyə etməyə başlayıb.

Qladkov bildirib ki, evakuasiya edilən ilk 300 uşaq təxminən 250 kilometr məsafədəki Voronej şəhərinə aparılacaq. O əlavə edib ki, yaxın günlərdə 1000-dən çox uşaq başqa vilayətlərə köçürüləcək.

RİA Novosti dövlət xəbər agentliyinin müxbirinin Voronej yaxınlığından bildirdiyinə görə, avtobuslarla bölgəyə təxminən 150 nəfər gətirilib.

Qladkov bildirib ki, Şebekino kəndində vəziyyət getdikcə pisləşir. Orada gün ərzində atəşə tutulmaların sayı artıb və nəticədə 4 nəfər yaralanıb, lakin ölən olmayıb.

Çərşənbə axşamı bölgədə məcburi köçkünlər üçün mərkəzə endirilən zərbə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Son həftələr bir neçə neft anbarı da zədələnib.

Hücumlar Kyivin Moskva qüvvələrinə qarşı böyük hücuma hazırlaşdığını bildirdiyi vaxta təsadüf edib.

Kremlin sözçüsü Dmitri Peskov regionda baş verənlərlə bağlı "Vəziyyət kifayət qədər həyəcanvericidir" deyib.

Kreml artan hücumların arxasında Ukrayna və onun Qərb dəstəkçilərini ittiham edib.

Çərşənbə axşamı Rusiyanın Xarici İşlər Nazirliyi Moskvanın yaşayış məntəqələrinə pilotsuz təyyarə hücumlarından sonra Qərbin "Ukrayna rəhbərliyini getdikcə daha ehtiyatsız hərəkətlərə sövq etdiyini" bildirib.

Moskvaya hücum zamanı şəhərin cənub-qərbindəki iki hündürmərtəbəli yaşayış binası da olmaqla, azı üç binaya yüngül ziyan dəyib.

XS
SM
MD
LG