Kyiv rəsmilərinin bildirdiyinə görə, cümə günü Rusiya Ukraynanın enerji infrastrukturuna bütün müharibənin ən böyük hava hücumunu həyata keçirərək, bir bəndi və qaz şirkətini vurub. Nəticədə azı 5 nəfəri ölüb və 1 milyondan çox insan elektriksiz qalıb.
"Rusiya insanların adi həyatına qarşı müharibə aparır. Bu terrorda həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm" - deyə, Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında yazıb.
Rusiya Müdafiə Nazirliyi cümə günü bildirib ki, bu hücumlar Ukraynanın son həftələr Rusiya ərazisinə etdiyi hücumların qisasıdır.
Kremlin sözçüsü Dmitri Peskov cümə günü dərc olunan Moskvayönlü qəzetə müsahibəsində "Biz müharibə vəziyyətindəyik" deyib.
Müdafiə Nazirliyinin bəyanatında deyilib ki, Rusiya Ukraynanın elektrik şəbəkələri obyektlərinə, silah-sursat anbarlarına, dəmir yolu qovşaqlarına və digər hədəflərə zərbələr endirib.
"UkrEnergo"nun şəbəkə operatoru şirkətin rəhbəri Vladimir Kudritskiyə istinadən bildirib ki, "Rusiya Ukraynanın enerji sisteminə tammiqyaslı işğalın başlanğıcından bəri ən böyük hücum həyata keçirib."
"UkrEnergo" Ukraynanın yeddi bölgəsində işıqların kəsildiyini bildirib.
Prezidentin köməkçisi Oleksiy Kulebanın Telegram kanalında yerləşdirdiyi məlumata görə, azı dörd bölgədə işıqsız qalan 1,2 milyon insandan təxminən 700 mini şərqdə yerləşən Xarkivin bölgəsindədir.
Cümə günü vurulan obyektlər arasında Ukraynanın dövlət neft-qaz şirkəti Naftogaz da var. Şirkət hücum zamanı obyektlərinin zədələndiyini bildirib.
"Mütəxəssislər artıq dəymiş ziyanın aradan qaldırmaq üzərində işləyir, [zərər çəkmiş] obyektlərin bəzilərində elektrik enerjisi artıq bərpa olunub, qaz işçilərimiz də zədələnmiş qaz şəbəkələrinin bərpası üzərində işləyirlər" - “Naftogaz”ın açıqlamasında deyilir.
Ukraynanın ən böyük bəndi olan "DneprHES" də Rusiyanın keçən gecə həyata keçirdiyi hücumun hədəfi olan obyektlər arasındadır. Cənubdakı Zaporijye bölgəsində yerləşən bənd səkkiz dəfə vurulsa da, dövlət "Ukrhidroenergo" şirkəti dağılma riskinin olmadığını bildirib.
Rusiya Müdafiə Nazirliyi cümə günü bildirib ki, Rusiya qüvvələri eyni bölgədə yerləşən Mirne kəndinin nəzarətini ələ keçirib.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Vatson, Rusiyanın Ukraynaya hücumunu pisləyərək, "Ukraynaya bu hücumlardan qorunmaq üçün əlavə hava hücumundan müdafiə vasitələrini mümkün qədər tez bir şəkildə təqdim etmək vacibdir" deyib.
“Həyat təhlükə altındadır və hər hansı bir gecikmə qəbuledilməzdir. Nümayəndələr Palatasının Respublikaçıları əlavə milli təhlükəsizlik yardımını indi qəbul etməlidirlər ki, biz bu həyati vacib avadanlığı Ukraynaya verə bilək," Vatson Respublikaçıların Ukraynaya əhəmiyyətli yardım paketini əngəlləmək səylərinə istinad edərək qeyd edib.
Forum