Accessibility links

ABŞ generalı Rusiyanın diqqətini Ukraynanın şərqinə daha çox yetirməsinin döyüşləri “fərqli” edəcəyini deyib


ABŞ və NATO qüvvələrinin Avropadakı keçmiş ordu komandiri Ukrayna ilə iki aydır davam edən müharibə səbəbindən Rusiyanın “vəziyyətinin yaxşı olmadığını” deyib. Lakin o, Rusiyanın diqqətini Ukraynanın şərqinə daha çox yetirməsinin döyüşləri “fərqli” edəcəyini bildirib.

Hazırda təqaüddə olan ABŞ ordusunun generalı Körtis Maykl Skaparrotti Rusiya Prezidentii Vladimir Putinin “dünya səhnəsinə hörmətli bir lider kimi qayıtmaq” qabiliyyətinin başa çatdığını, rusların ölkələrinə sanksiyalar və digər cəza tədbirləri vasitəsilə vurulan zərərlə barışmalı olacaqlarını iddia edib.

Skaparrotti bu yaxınlarda AzadlıqRadiosunun gürcü xidmətinə verdiyi müsahibəsində “Fikrimcə Rusiya bu nöqtədə bir dövlət olaraq həssasdır və sanksiyalar, şübhəsiz ki, onların milli resurslarına, iqtisadiyyatlarına və s. təsir edib” deyib.

Vest Point məzunu, 66 yaşlı Skaparrotti İraq, Əfqanıstan, Afrika və Bosniya-Hersoqovinadakı qoşunlara komandanlıq edib. Eyni zamanda o, ABŞ-ın Trans-Atlantik komandanlıqlarına və Birləşmiş Qərargahlar Rəislərinə rəhbərlik edib.

O, Kyivi mümkün sülh danışıqlarına tələsməməyə çağırıb.

“Düşünürəm ki, Ukrayna bu münaqişə onlar üçün üstünlük mövqeyində olana qədər danışıqlara cəhd etməməlidir” deyib Skaparrotti.

Bu həftə Türkiyənin Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş təşkil etmək səyləri ilə bağlı suallara cavab verən Ukrayna Prezidentinin müşaviri Mixaylo Podolyak aprelin 27-də belə bir razılığın əldə olunmadığını bildirib.

Reuters xəbər agentliyinin bildirdiyinə görə, Podolyak “iki ölkə prezidentinin görüşünün vaxtı və görüşün kontekstinin hələ müəyyən edilmədiyini” deyib.

Skaparrotti “ağrılı və dağıdıcı döyüş” proqnozlaşdırıb. Lakin o, Rusiyanın öz qüvvələrinə öhdəliyi, döyüş meydanında indiyə qədərki məhdud irəliləyişi və beynəlxalq reaksiyaların birlikdə Rusiyanın bu müharibədə daha kiçik qonşusuna qalib gələcəyinə inamı azaltdığını deyib.

“Düşünürəm ki, siz normal olaraq, (zamanın) daha böyük resursları olan və daha böyük ölkənin tərəfində olduğunu deyərdiniz - ki, bu da Rusiyadır. Lakin Rusiya bu kampaniyaya, xüsusən də quru qoşunlarının əhəmiyyətli bir hissəsini cəlb edib və onlar yaxşı iş görə bilməyib” - deyə, Skaparrotti bildirib və diqqəti ukraynalıların öz “asimmetrik sistemlərindən” istifadə etmələrinə çəkib.

Onun sözlərinə görə, Rusiya belə görünür, Kyivdə dəf edilən qüvvələri bərpa edir və rusların bu yaxınlarda vəzifəyə təyin olunmuş komandiri general Aleksandr Dvornikovun rəhbərliyi altında maddi-texniki təchizat və komanda nəzarətini qurur.

Onun sözlərinə görə, rusların Ukraynanın şərqinə, eləcə də Rusiyanın dəstəklədiyi separatçıların səkkiz ildir nəzarətdə saxladıqları ərazilərdə genişmiqyaslı hücuma hazırlaşmaları onların kampaniyasının növbəti hissəsi ilə bağlı suallar doğurur.

O, Ukraynanın müstəqilliyi və həyatları uğrunda mübarizə aparan ordunun, yarı-hərbi qüvvələrin və könüllülərin bu döyüş üçün güclənməyə məcbur olacaqlarını deyib.

“Bu, bir az fərqli döyüş olacaq. O mənada ki, onlar Donbasda illərdir davam edən xətt üzrə döyüşür və rusların niyyəti, bəlkə də, şimalda, İzyum yaxınlığında və cənubda Donetsk şəhəri ətrafında və əsasən bu xətti əhatə edir və onlar orada irəliləyiş əldə etməyə çalışacaq” Skaparrotti deyib.

XS
SM
MD
LG