Accessibility links

Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq yardım elan edib


Prezident Co Bayden ABŞ-ın Ukraynaya 800 milyon dollarlıq əlavə yardım edəcəyini açıqlayıb. Bayden cümə axşamı Ağ Evdə "Bu paketə ağır artilleriya silahları, onlarla Haubitsa və həmin Haubitsalar üçün 144 min patron daxildir" deyib.

Birləşmiş Ştatlar keçən həftə oxşar miqdarlı paket elan edib və yeni yardım, çox güman ki, Donbasın şərqindəki döyüşlər üçün istifadə ediləcək.

Rusiya Prezidenti Vladimir Putin cümə axşamı öz qüvvələrinə Ukraynanın Mariupol şəhərində Ukrayna qüvvələrinin saxlandığı polad zavoduna hücum etməməyi əmr edib.

Putin müdafiə naziri Sergey Şoyquya televiziya ilə görüşü zamanı deyib ki, Rusiya qüvvələri zavodu “milçəyin belə oradan keçməməsi üçün” mühasirəyə almalıdır və həmin əraziyə hücum planı Rusiya ordusunu gərəksiz riskə atacaq.

Şoyqu Putinə Azovstal zavodunda 2000 Ukrayna əsgərinin olduğunu, lakin əsas liman şəhəri olan Mariupolun qalan hissəsinin “azad edildiyini” deyib.

Ukrayna Baş nazirinin müavini İrina Vereşuk Rusiyadan mülki əhalinin və yaralı əsgərlərin humanitar dəhliz vasitəsilə zavoddan çıxarılmasına icazə verməsini tələb edib.

"Orada 1000-ə yaxın mülki əhali və 500 yaralı əsgər var. Onların hamısını bu gün Azovstaldan çıxarmaq lazımdır" - deyə, Vereşuk cümə axşamı internet paylaşımında bildirib.

Vereşuk həmçinin çərşənbə günü dörd avtobusun Mariupoldan dinc əhalini təxliyə edə bildiyini deyib.

Rusiyanın fevralın 24-də ölkəni işğal etməzdən əvvəl 400 min insanın yaşadığı Mariupolda 100 mindən çox ukraynalının ilişib qaldığı güman edilir.

ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü Panamada keçirilən diplomatik konfransda "Orada vəziyyət həqiqətən dəhşətlidir" deyib. O, Mariupol sakinlərinə çıxmağa imkan verən humanitar dəhlizlərin "çox tez dağıldığını" vurğulayıb.

Mariupol uğrunda döyüş Moskvanın hərbi mövcudluğunu artırdığı strateji əhəmiyyətli Donbas bölgəsində Rusiyanın genişmiqyaslı hücumunun bir hissəsidir.

Atlantika Şurasının Avrasiya Mərkəzinin baş direktoru və ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con E. Herbst Amerikanın Səsinə “Moskvanın hazırkı məqsədi şərqdə və cənubda nəzarətini genişləndirməkdir. Əslində onlar Xarkiv və Odessanı ələ keçirmək istərdilər. Lakin bu böyük istəkdir. Onlar Mariupolla kifayətlənməli ola bilər” deyib.

Martın 25-də Ukraynanın şimalındakı itkilərindən sonra Moskva strategiyasında böyük dəyişiklik etdi və Donbasda hərbi nailiyyətləri möhkəmləndirmək və Krıma qurudan körpü yaratmaq üçün paytaxt Kyivin ətrafı da daxil olmaqla, qüvvələrini şimaldan geri çəkdi.

XS
SM
MD
LG