Accessibility links

Rusiya Polşa sərhədi yaxınlığında Ukrayna bazasına raket atıb


Ukrayna hərbçiləri Yavoriv Beynəlxalq Sülh və Təhlükəsizlik Mərkəzində təlimlərdə iştirak edir, 4 fevral, 2022-ci il.
Ukrayna hərbçiləri Yavoriv Beynəlxalq Sülh və Təhlükəsizlik Mərkəzində təlimlərdə iştirak edir, 4 fevral, 2022-ci il.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, ölkənin qərbində Polşa sərhədindən 25 kilometr məsafədə yerləşən ən böyük hərbi bazalardan biri Rusiya tərəfindən raket hücumuna məruz qalıb, nəticədə 35 nəfər ölüb, 134 nəfər yaralanıb.

Lviv şəhərinin regional hərbi administrasiyası Beynəlxalq Sülh və Təhlükəsizlik Mərkəzinə (Yavoriv hərbi poliqonu) hava zərbəsi endirilməsi barədə məlumat yayıb. İlkin məlumatlara görə, bazaya səkkiz raket atılıb.

Baza NATO-nun hərbi təlimatçıları tərəfindən də istifadə edilib, lakin Ukrayna rəsmiləri hücum zamanı onlardan kiminsə orada olub-olmadığını və yaralanıb-yaralanmadığını müəyyən etməyə çalışdıqlarını bildirib.

Yavoriv bazası Polşaya gedən ukraynalılar üçün əsas tranzit mərkəzi olan Lvivdən cəmi 60 kilometr aralıda yerləşir.

Şahidlərin bildirdiyinə görə, təcili yardım maşınları poliqon ərazisindən xəstəxanaya doğru hərəkət edib.

Lviv vilayət administrasiyasının rəhbəri Maksim Kozitskinin verdiyi məlumata görə, poliqona 30-a yaxın raket atılıb. Lakin mərkəzi hökumət rəsmiləri bazaya səkkiz raketin atıldığını təxmin edir.

“İşğalçılar Beynəlxalq Sülh və Təhlükəsizlik Mərkəzinə hava zərbəsi endirib. İlkin məlumatlara görə, onlar 8 raket atıb”, Ukrayna hərbi qüvvələrin sözçüsü Anton Mironoviç İnterfaks Ukrayna agentliyinə bildirib.

Beynəlxalq Sülh və Təhlükəsizlik Mərkəzinə raket hücumu Rusiyanın indiyə qədər Ukraynanın ən qərb bölgəsinə etdiyi hücumdur və bununla Lvivin də tezliklə münaqişəyə cəlb edilə biləcəyi ilə bağlı qorxular artır.

Yavoriv bazasının hədəf alınması bəzi Qərb diplomatları tərəfindən şənbə günü Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun Ukraynaya qərbdən silah daşıyan karvanların Moskva tərəfindən “qanuni hərbi hədəf” hesab edildiyi haqda xəbərdarlığını gücləndirən bir mesaj kimi qəbul edilir.

Son günlər Rusiya hərbi hava qüvvələrinin Ukraynanın qərbində hərbi obyektlərə endirdiyi zərbələrin sayı artıb.

İvano-Frankivsk rəsmiləri Rusiya döyüş təyyarələrinin şəhərin hava limanına hücum etdiyini və şəhər infrastrukturunu demək olar ki, tamamilə dağıtdığını bildirib.

Ukraynanın Fövqəladə Hallar Xidməti Rusiya Hərbi Hava Qüvvələrinin Çerniqovda çoxmərtəbəli yataqxana binasına zərbələr endirdiyini, bir nəfərin öldüyünü, yeddi nəfərin yaralandığını bildirib.

XS
SM
MD
LG