Accessibility links

Vnukovo aeroportu yaxınlığındakı obyektlərə dronlarla hücum edilib


İyulun 4-ü səhər saatlarında bir neçə pilotsuz təyyarə Vnukovo-3 aeroportu yaxınlığındakı hədəflərə hücum edib. Rusiya Müdafiə Nazirliyi beş pilotsuz təyyarənin Yeni Moskva və Moskva vilayətində obyektlərə "terror" hücumu etdiyini bəyan edib. Agentliyin məlumatına görə, bütün dronlar məhv edilib, tələfat və dağıntı olmayıb. Lakin hava limanı iki saata yaxın bağlanıb. Hazırda yenidən işləyir.

"Yeni Moskva ərazisində Ukraynaya məxsus 4 PUA hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Daha bir PUA isə radio-elektron vasitəsilə yatırılıb və Moskva vilayətinin Odintsovo rayonu ərazisinə düşüb" - deyə, Rusiya Müdafiə Nazirliyi bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da dron hücumunu "daha bir terror aktı" adlandırıb.

Zaxarova Teleqram kanalında "Kyiv rejiminin mülki infrastruktur obyektlərinin yerləşdiyi əraziyə, eləcə də xarici reysləri də qəbul edən hava limanına hücum cəhdi növbəti terror aktıdır. Zelenski bu terror aktlarını Qərbin təchiz etdiyi ya da Qərb fondlarından alınan silahlarla həyata keçirir" yazıb.

Rusiyanın Teleqram kanalları Yeni Moskvada pilotsuz təyyarələrin vurulduğunu bildirib. Bu barədə TASS və RİA Novosti də fövqəladə xidmətlərə istinadən məlumat yayıb.

TASS-ın həmsöhbəti bildirib ki, üç pilotsuz təyyarə müxtəlif vaxtlarda Moskvaya doğru irəliləyib. Onlar "radio-elektron müharibə" vasitəsi ilə yatırılıb. Dövlət agentliyinin bildirdiyinə görə, dronlardan ikisi Yeni Moskvada, digəri isə Kaluqa bölgəsində məhv edilib. Bütün pilotsuz uçuş aparatları təyyarə tipli olub. Daha sonra Moskva yaxınlığındakı Kubinka ərazisində daha bir pilotsuz təyyarənin məhv edildiyi məlum olub.

"Ölən və ya xəsarət alan yoxdur. Hadisə yerində təcili yardım xidmətləri işləyir" Moskva meri Sergey Sobyanin Teleqram kanalında yazıb.

RİA Novosti-nin məlumatına görə, Yeni Moskvada vurulan iki pilotsuz təyyarə Vnukovo-3 hava limanının yaxınlığında yerləşən Valuevo kəndinin tarlasına düşüb.

XS
SM
MD
LG