Accessibility links

Kreml ordu generalı Sergey Surovikin haqda məlumat vermir


Ukraynadakı Rusiya qüvvələrinin komandir müavini , general Sergey Surovikin
Ukraynadakı Rusiya qüvvələrinin komandir müavini , general Sergey Surovikin

Kreml cümə axşamı bildirib ki, şənbə günü "Vaqner" muzdlular qrupunun rəhbəri Yevgeni Priqojin rus ordusuna qarşı qiyam cəhdinə rəhbərlik etdiyindən bəri ictimaiyyət arasında görünməyən Rusiya generalı Sergey Surovikin haqqında məlumat verə bilmir.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Surovikinlə bağlı vəziyyəti aydınlaşdıra bilmədiyini deyib və onların Müdafiə Nazirliyi ilə əlaqə saxlamalı olduqlarını bildirib.

Ukraynadakı Rusiya qüvvələrinin komandir müavini Surovikin şənbə günü video vasitəsi ilə "Vaqner" qrupunu orduya qarşı hər hansı addım atmamağa və öz bazalarına qayıtmağa çağırıb.

Priqojin bu həftənin əvvəlində qiyamın dayandırılması ilə bağlı razılaşma çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenkonun dəvəti ilə Belarusa gedib.

Priqojinin Belarusda harada olduğu, onu neçə döyüşçünün müşayiət etdiyi və orada nə qədər qalmağı planlaşdırdığı hələ də məlum deyil.

Peskov cümə axşamı jurnalistlərə deyib ki, Priqojinin yeri barədə məlumatı yoxdur.

ABŞ prezidenti Co Bayden çərşənbə günü bəyan edib ki, onun fikrincə Priqojinin qiyam səyləri nəticəsində Rusiya prezidenti Vladimir Putinin nüfuzu "tamamilə" zəifləyib. Lakin Ağ Evdə jurnalistlərlə görüşən Bayden Putinin nə dərəcədə zəiflədiyini "deməyin çətin olduğunu" bildirib.

Priqojinin Belarusda təhlükəsiz olacağına söz verən Putin üsyandan sonra "Vaqner" qrupu haqqında qarışıq fikirlər ifadə edib. Putin "Vaqner"in liderlərini satqınlar kimi səciyyələndirsə də, lakin sıravi muzdluların Kyiv qüvvələrinə qarşı döyüşlərdə "həqiqətən də cəsarət və qəhrəmanlıq göstərdiklərini" deyib.

Ukraynadakı "Vaqner" döyüşçülərinin çoxu Ukraynada altı ay döyüşərlərsə cəzalarının qalan hissəsinin ləğv ediləcəyi vədi ilə Rusiya həbsxanalarından azad edilmiş məkhum olunan cinayətkarlardır.

XS
SM
MD
LG