Accessibility links

Priqojin silahlı qiyama görə hələ də istintaq altındadır. Peskov daha əvvəl işə xitam veriləcəyini bildirmişdi.


"Vaqner" qrupunun  təsisçisi Yevgeni Priqojin
"Vaqner" qrupunun  təsisçisi Yevgeni Priqojin

Federal Təhlükəsizlik Xidməti muzdlulardan ibarət "Vaqner" qrupunun təsisçisi Yevgeni Priqojinin təşkil etdiyi silahlı qiyamla bağlı (Cinayət Məcəlləsinin 279-cu maddəsi) cinayət işinin araşdırılmasını davam etdirir. Bu barədə məlumatı Kommersant, İnterfaks RİA Novosti agentlikləri Baş Prokurorluqdakı mənbələrə istinadən yayıb.

Priqojinə qarşı cinayət iş iyunun 23-də axşam saatlarında onun "Vaqner"in iştirakı ilə Moskvaya "ədalət yürüşü" elan etməsindən sonra açılıb. Baş Prokurorluq işin "hüquqi və əsaslı şəkildə" açıldığını, özəl hərbi şirkətin təsisçisinin əməllərinə "lazımi hüquqi qiymət veriləcəyini" bildirmişdi. İyunun 24-də isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Priqojinə qarşı cinayət işinə "xitam veriləcək" və "o, Belarusa gedəcək".

Kommersant qəzetinin iyunun 25-də yazdığına görə, Rusiya Teleqram kanalları Baş Prokurorluğun Federal Təhlükəsizlik Xidmətinin müstəntiqinin üsyanla bağlı cinayət işinə başlanması qərarının qanuni və əsaslı olduğunu deməsindən sonra qərarın ləğv edildiyini bildirib və bununla əlaqədar Priqojinin təqibinə son qoyulduğu haqda məlumat verib.

Lakin nəşr nəzarət orqanındakı mənbəyə istinadən bildirib ki, cinayət işinə başlanması barədə qərar hələ də ləğv edilməyib və qiyamla bağlı araşdırmalar davam edir. Onun sözlərinə görə, fərqli qərar qəbul etmək üçün çox az vaxt keçib.

İyunun 23-dən 24-nə keçən gecə "Vaqner" muzdluları Rostov şəhərinə daxil olub və bundan sonra onların bir hissəsi Moskvaya doğru irəliləyib. Priqojin Rusiya Müdafiə Nazirliyini Ukraynada müharibədəki uğursuzluqlara və "vaqnerçilərə" hücumlara görə məsuliyyətə cəlb etmək etmək Rusiyanın paytaxtına girəcəyini vəd edib.

Prezident Vladimir Putin hadisələri "vətənə xəyanət", "qiyam" və "arxadan vurulan zərbə" adlandırıb. O, Priqojinin adını çəkməsə də, Rostovda dövlət və hüquq-mühafizə orqanlarının işinin "faktiki olaraq bloklandığını" etiraf edib. Moskvada, Moskva və Voronej vilayətlərində anti-terror əməliyyatı rejimi tətbiq edilib (əməliyyat rejimi iyunun 26-da səhər saatlarında ləğv edilib).

İyunun 24-nə keçən gecə Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə "Vaqner"lə Rusiya hakimiyyəti arasında razılıq əldə edilib və muzdluların Moskvaya yürüşü dayandırılıb.

Peskov onu da bildirib ki, "Vaqner"in Priqojinin planlarında iştirak etməkdən imtina edən hissəsi Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayacaq. O, Priqojinlə birlikdə Moskvaya qarşı kampaniyada iştirak edən vaqnerçilərin "cəbhədəki xidmətlərini nəzərə alaraq", təqib olunmayacaqlarını deyib. Yevgeni Priqojinin isə hazırda harada olduğu məlum deyil.

XS
SM
MD
LG