Accessibility links

Rusiyada təyyarə qəzasında 10 nəfər ölüb, "Vaqner"in başçısı Priqojinin adı sərnişinlər siyahısında idi


Fövqəladə hallar rəsmilərinin bildirdiyinə görə, çərşənbə günü Rusiya səmasında özəl təyyarənin qəzaya uğraması nəticəsində təyyarədə olan 10 nəfərin hamısı həlak olub. Sərnişinlərin siyahısında muzdlu əsgərlərin başçısı Yevgeni Priqojinin adı olsa da, onun təyyarədə olub-olmadığı məlum deyil.

Mətbuatın təsdiqlənməmiş məlumatında təyyarənin özəl “Vaqner” hərbi şirkətinin yaradıcısı Priqojinə məxsus olduğu bildirilib.

Rusiyanın dövlət Tass xəbər agentliyi fövqəladə hallar rəsmilərinə istinadən bildirib ki, təyyarədə üç pilot və yeddi sərnişin olub. Rusiyanın mülki aviasiya tənzimləyicisi “Rosaviasiya” onun sərnişinlər siyahısında olduğunu desə də, təyyarədə olanlar arasında Priqojinin olub-olmadığı bəlli deyil.

Təyyarə Moskvadan Sankt-Peterburqa gedərkən, paytaxtdan 100 kilometrdən şimalda, Tver vilayətində yerə düşüb. Araşdırma aparılır.

Associated Press tərəfindən yoxlanılan uçuş izləmə məlumatları Priqojinin əvvəllər də istifadə etdiyi, “Vaqner” adına qeydiyyatdan keçmiş şəxsi təyyarənin çərşənbə günü axşam Moskvadan havaya qalxdığını və onun transponder siqnalının bir neçə dəqiqə sonra yoxa çıxdığını göstərib.

Siqnal təyyarənin təhlükəsiz eniş edə biləcəyi aerodromun olmadığı kənd bölgəsində itib.

Yevgeni Priqojin iyunun sonlarında qısa sürən qiyamdan sonra bazar ertəsi qrupa bağlı Telegram kanallarında belə görünür Afrikadan ilk video-müraciətini yayımlayıb.

Video-görüntülərdə Priqojin kamuflyajda və əlində avtomat səhrada dayanıb. Uzaqda isə çox sayda silahlı adamlar və bir yük maşınının olduğu göstərilir.

Reuters xəbər agentliyi videonun geolokasiyasını və ya tarixini müəyyən edə bilməyib. Lakin Priqojinin şərhləri və "Vaqner"ə yaxın kanallardakı bəzi yazıları videonun Afrikada çəkildiyi ehtimalını irəli sürməyə əsas verib.

Forum

XS
SM
MD
LG